Yaponiya 2026-cı ilin birinci yarısında Ukraynaya yönəlik maliyyə dəstəyini artırmağı planlaşdırdığını açıqlayıb.
Sherg.az xəbər verir ki, Yaponiya Maliyyə naziri Satsuki Katayama, G7 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin onlayn iclasından sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, müharibənin davam etdiyi Ukrayna yaxın dövrdə ciddi maliyyə çatışmazlığı ilə üzləşə bilər və bu səbəbdən dəstəyin vaxtı irəli çəkiləcək.
Tokio rəhbərliyi daha əvvəl 2024-cü il tarixli G7 razılaşması çərçivəsində Ukraynaya 2027-ci ilin sonunadək təxminən 470 milyard yen (təxminən 3 milyard ABŞ dolları) məbləğində kredit ayrılacağını öhdəsinə götürmüşdü. Yeni plana əsasən, bu kreditlərin bir hissəsi ilkin nəzərdə tutulduğundan daha tez təqdim olunacaq.
İclasda Rusiya–Ukrayna müharibəsindən əlavə, qlobal iqtisadiyyatda ticarət balanssızlıqları da müzakirə edilib. Katayama və digər G7 rəsmiləri dünya iqtisadiyyatında artan struktur problemlərlə bağlı fikir mübadiləsi aparıblar.