Azərbaycan ABŞ ilə strateji tərəfdaşdır

Vaşinqton artıq postmüharibə dövründə həllini gözləyən məsələlərlə bağlı pozitiv mövqedən çıxış edir

 Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyindən "Şərq"ə məlumat verilib.
  Qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.
  Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşü şərh edən millət vəkili Elman Nəsirli “Şərq”ə açıqlamasında deyib ki, hazırda Azərbaycanla hərtərəfli əməkdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Belə əlaqələr ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir:

“Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı da bu baxımdan diqqəti daha çox cəlb edir.
  Azərbaycanla Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar. Bir sıra fundamental məsələlərdə hər iki dövlətin mövqeyi üst-üstə düşür. Xüsusilə də beynəlxalq təhlükəsizlik məsələlərində ABŞ ilə Azərbaycan dəfələrlə ortaq mövqedən çıxış ediblər. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.
  Millət vəkilinin sözlərinə görə, ötən 30 il ərzində Azərbaycan torpaqları işğal altında olduğu üçün ABŞ ilə hərbi-texniki əməkdaşlığımız bir qədər məhdud xarakter daşıyırdı: “Xüsusilə də Birləşmiş Ştatların münaqişə  dövründə Azərbaycana müasir silahlar satması qeyri-real məsələ idi. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2 il əvvəl tarixi qələbəyə imza ataraq Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və Azərbaycanın yaratdığı yeni reallıqlar bütün dünya tərəfindən qəbul olunub. ABŞ da postmüharibə dövründə həllini gözləyən məsələlərlə bağlı pozitiv mövqedən çıxış edir. Amerika üçün Cənubi Qafqazda sabitlik olduqca vacib amillərdən biridir. Bu baxımdan rəsmi Vaşinqton Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərinə yenidən baxmağa başlayıb. Bu mənada Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-dəki həmkarı ilə görüşü regionda sülh və təhlükəsizliyin  möhkəmlənməsinə xidmət göstərir. Bizim məqsədimiz regionda uzunmüddətli sülhün bərqərar olmasıdır.  Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoşulmaqdadır. Buna nail olmaq üçün Ermənistana belə əməkdaşlıq əli uzadıb. Ermənistan isə sözdə razılıq versə də, yeritdikləri siyasət tamam ziddiyyətlidir”. 
ABŞ dövlət katibi Antoni Blinkenin cənab İlham Əliyevə telefon zənglərini xatırladan E.Nəsirli deyib ki, bu danışıq çərçivəsində regional təhlükəsizlik məsələləri müzakirə edilir: “Regionun geosiyasi dinamikasının inkişaf etdiyi bir vaxtda Azərbaycanın bu prosesdə aparıcı rol oynamasını müşahidə edən ABŞ Azərbaycanla olan münasibətlərini dərinləşdirmək niyyətindədir. ABŞ Azərbaycanın regionda yaratdığı reallıqları, eyni zamanda, Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu, ABŞ-nin ölkəmizlə münasibətlərə verdiyi yüksək önəmdən və Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyindən, qarşıdan gələn illər və onilliklərdə ABŞ-nin Azərbaycanla münasibətləri daha da genişləndirmək niyyətində olmasından xəbər verir”.