Qərbin “drijor çubuğu” iş başında: Gürcüstanda “Ukrayna ssenarisi” hazırlanır

Qərb yenə ikili standartlardan çıxış edir, bu dəfə müstəqil siyasət yürüdən Gürcüstanla bağlı məkrli mövqe ortaya qoyur. Azərbaycana olduğu kimi, Qərb siyasi dairələrinin Gürcüstana da təzyiq etməsi onun daxili işlərinə müdaxilə etməyə, onu daxili qarşıdurmaya sürükləməyə çalışır. Qarşıdan gələn  prezident seçkiləri əlaqədar onların ölkədə təxribatlara cəhd göstərəcəkləri istisna olunmur. Qərbin Gürcüstan hökumətinə göstərdiyi  ciddi təzyiqlər şübhəsiz ki, regionda sabitliyin pozulmasına xidmət edir. Bunlar son nəticədə təkcə Gürcüstanda deyil, bütün Cənubi Qafqazda sabitliyin pozulması ilə nəticələnə bilər.
Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, müxalif partiyalar bu gün açıq-aşkar ölkədə qarşıdurma yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan etsə də bunu əsaslandıra bilmir. Seçkilərin nəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərb region dövlətlərinin daxili işlərinə müdaxilə etməyə çalışsa da bunun mümkünsüzlüyünün şahidinə çevrildi. Siyasətində müstəqil olan dövlətlər daim milli maraqlarını, xalqın iradəsini öndə saxlayır. Azərbaycan və Gürcüstan müstəqil siyasətləri ilə bölgədə vəziyyətin gərginləşdirilməsinə yönələn addımların qarşısını hər zaman  qətiyyətlə alır və şübhəsiz, bundan sonra da belə olacaqdır.

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeylli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü il postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda həyata keçirilmiş rəngli inqilabların, habelə 2014-cü ildə Ukraynada baş vermis inqilabın yenidən özünəməxsus formada təkrarını ehtiva edib. Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul etməsi, seksual azlıqların fəaliyyətini məhdudlaşdıran normative hüquqi aktların tətbiqi, habelə Gürcüstan hökumətinin ölkəni 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verməsi Gürcüstan hakimiyyətinin bu təhlükəni gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş etdirir.

Siyasi ekspert Azər Niftiyev də "Sherg.az" a açıqlamasında deyib ki, Qərb Gürcüstanda aranı qarışdırır, qonşu ölkədə "Ukrayna ssenarisi" hazırlanır.
Ekspertin sözlərinə görə, Gürcüstandakı seçkilərdə hakim partiyanın növbəti parlaq qələbəsindən sonra Qərbin drijor çubuğu ilə hərəkət edən siyasi partiya, QHT və KİV-lər yenidən aranı qarışdırmağa çalışır. Faktiki olaraq ölkə xaos, inqilab və qarşıdurmalara sürüklənir:
 "Etirazçılar açıq şəkildə bəyan edirlər ki, Gürcüstan iqtidarı müstəqil xarici siyasət kursundan çəkilməli,  Rusiya ilə münasibətlərdən imtina olunmalı və ölkə yenidən Qərbin ruporuna çevrilməlidir.
Yaxın tarixi keçmişə nəzər salsaq görərik ki, Qərbin ssenarisi ilə ilk rəngli inqilab postsovet məkanında Gürcüstanda baş verib. Ardınca Kiyevdə "məxməri inqilab" baş verib və hər iki ölkə Rusiya ilə düşmən səviyyəsinə çatıb.
Ukraynada baş verənlər, Qərbin yarımçıq dəstəyi ilə xaosa sürüklənməsi, ölkənin xarabalığa çevrilməsi və faktiki olaraq çökdürülməsinin əsası da məhz o dövrdə qoyulub. Gürcüstan iqtidarının milli maraq və mənafeyə söykənən müstəqil diplomatik siyasi kurs götürməsi bu ölkədə Ukraynadakı hadisələrin baş verməsinin qarşısını alıb. Məhz elə buna görə də, Gürcüstanın seçiciləri artıq neçənci dəfədir ki, "Gürcü arzusu"na etimad göstərir, onun qələbəsini təmin edirlər. Yəni, müstəqil diplomatik siyasi kurs gürcü xalqının iradəsini və mövqeyini ifadə edir.
Məğlubiyyət eyforiyasına qapanan və seçicilərdən dəstək almayan qüvvələr isə hər vəchlə təxribatlar törətməyə, aranı qarışdırmağa, dövlətin gələcəyini təhlükə altına atmağa çalışırlar. Regionu nəzarətə götürmək istəyən qərblilər isə müxalif siyasətçilər, QHT və KİV-ləri maliyyələşdirməklə Rusiyaya qarşı yeni cəbhə açmaq niyyətindədirlər. Qərb və Avropa mətbuatında və siyasi kluarlarında isə Gürcüstanın inqilab astanasında olduğu "faktı" qabardılır. ABŞ və Avropa İttifaqı (Aİ) davamlı olaraq Gürcüstana təzyiqlər edir. 
Gürcüstandakı hadisələrin fonunda Azərbaycanın atdığı addımların, xaricdən maliyyələşən təxribatçı QHT-lərin fəaliyyəti ilə bağlı qərarların düzgünlüyü bir daha öz təsdiqini tapır. Hansı ki, ölkəmizə qarşı da oxşar təzyiq üsullarından istifadəyə cəhd edilib ki, məhz hökumətin qətiyyətli mövqeyi nəticəsində  bunun qarşısı alınıb. Xaricdən Azərbaycana qarşı "söyüş mediası"nın saxlanması, Sevinc Osmanqızı, Tural Sadiqli, Məhəmməd Mirzəli və bu kimi ünsür "jurnalistlərin" təxribatları Qərbin ölkəmizə yönəlik təxribat texnologiyasının yalnız bir istiqamətidir.
Gürcüstan seçki sınağından üzüağ çıxdı. Sabitliyə, tərəqqiyə səs verən Gürcüstan xalqı heç şübhəsiz ki, yeni təxribatlara imkan verməyəcək və regionda aranı qatmaq istəyən Qərb dairələrinə qapı arxasını göstərəcək".