Politoloq: Aİ missiyası Ermənistanı tərk etməsə, gərginlik artacaq

Fevralı da gözləyək

Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının Ermənistandakı "mülki missiyası"nın fəaliyyətindən danışıb. O bildirib ki, Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur. H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfi qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmür. Oan görə də Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır. Prezidentin köməkçisi qeyd edib ki, missiyanın müvəqqəti yerləşdirilməsinə Bakı da icazə vermişdi: "Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı. O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi, bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük". H.Hacıyev bəyan edib ki, biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik: "Bu, narahatlıq doğuran faktordur". 

Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı öz "mülki missiyası"nı bölgəyə göndərərkən, guya, Azərbaycan-Ermənistan şərti sərhədlərində baş verə biləcək atışmaların qarşısını almağı hədəfləmişdi. Ancaq bunun altında daha böyük geosiyasi məqsədlərin yatdığı ortadadır. Ekspert vurğulayıb ki, Aİ-nin ilkin mərhələdə bəlli zaman müddətində və az sayda missiya üzvü ilə bölgəyə yerləşdirilməsi əsas planın tərkib hissəsi idi: 
"Sonradan missiyanın tərkibi dəfələrlə artırıldı və fəaliyyət müddətini uzatdılar. İndi də say tərkibinin artırılmasını, missiyanın gələcəyə daşınmasını müşahidə edirik. Bu o deməkdir ki, Avropa İttifaqının perspektivdə Ermənistanda yerləşmək, hətta "müşahidə missiyası"nı hərbi struktura çevirmək niyyətləri də sezilir. Sadəcə, bunu "müşahidə missiyası" adı altında təqdim etdilər ki, Azərbaycanı və Rusiyanı qıcıqlandırmasınlar. Missiya zamanla coğrafi məkan boyunca yayılmaqdadır. Ermənistanın bütün sərhədləri bu missiyanın nəzarəti, müşahidəsi altındadır. Bu fakt göstərir ki, Aİ missiyası sadəcə, Azərbaycan-Ermənistan arasındakı prosesləri izləməklə qalmır, digər ölkələrlə bağlı kəşfiyyat məlumatları da toplayır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən çıxarsa, bundan sonra Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsi gündəmə gələrsə, Aİ-nin missiyası Ermənistanın təhlükəsizliyinin sığortası kimi düşünülüb".

Analitik diqqətə çatdırıb ki, bir tərəfdə Avropa Birliyinin özünün geosiyasi məqsədləri durursa, digər yanda Paşinyan hökumətinin də maraqları var:
 "Əlbəttə, istənilən halda Azərbaycanın maraqlarına uyğun davranış deyil. Azərbaycan dövləti bununla bağlı öz etirazını, narazılığını bildirir. Qısamüddətli missiya adı ailə bölgəyə yerləşmiş qüvvələrin uzunmüddətli qalmaq istəyi başqa geosiyasi niyyətlərdən xəbər verir. Ona görə də gələn ilin fevral ayında, yəni müddət bitən gün missiya öz fəaliyyətini sonlandırmalıdır. Aİ belə bir niyyətinin olduğunu gizlətməyib. Rəsmi Bakı da İrəvan hökumətinin diqqətinə çatdırır ki, missiya nəinki sülh prosesinə töhfə vermir, əksinə, ciddi əngələ çevrilir".