Qərbin rüşvət bataqlığı: Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH

Belçika məhkəməsi Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin COVID-19 peyvəndlərinin satın alınması prosesində korrupsiyaya bulaşması ehtimalını araşdıracaq. Bu barədə TASS agentliyinə belçikalı fəal Frederik Baldan məlumat verib. Frederik Baldan məhkəmə prosesinin yanvarın 6-da baş tutacağını vurğulayıb.
O əlavə edib ki, məhkəmə iclası Avropa İttifaqı qurumlarında korrupsiya aktlarını araşdırmalı olan Aİ prokurorluğunun tələbi ilə keçiriləcək. Həmçinin bildirib ki, de-fakto Avropa Komissiyasının rəhbərinin toxunulmazlığı olsa da, Ursula fon der Lyayenin belə toxunulmazlığı ola bilməz, çünki o, səlahiyyətlərinin hüdudlarından çox kənara çıxıb. 


Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Qərbin müxtəlif siyasi strukturlarında çalışan simaların adlarının korrupsiya və rüşvətxorluqda hallanması birinci dəfə deyil:

“Bundan əvvəl Avropa Parlamentində belə qalmaqallı hadisələr baş verdi və Avropa Parlamentinin vitse-prezidenti rüşvət aldığına görə həbsə məruz qaldı. Bu gün Avropada müxtəlif siyasətçilərin Qərb dəyərləri, liberalizm və siyasi demokratiya adı altında belə anlayışları manupulyasiya edərək özlərinin şəxsi gəlir yerlərinə çevirməklə bağlı xeyli məqamlar mövcuddur. Əlbəttə ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yenidən bu vəzifəyə seçilib. Əgər Ursula fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə, onun rəhbərliyi altında Avropa Komissiyasındakı bir çox siyasətçilərin rüşvət bataqlığının içərisində çabaladığını növbəti dəfə nümayiş etdirəcək. Bu isə Avropa İttifaqına daxil olan bir çox təşkilatların necə qəbuledilməz işlər gördüyünü ortaya qoyacaq. Dünyada korrupsiyaya qarşı mübarizə apardığını vurğulayan Qərb mərkəzli bir sıra qeyri-hökümət təşkilatları və vətəndaş cəmiyyəti institutları da Qərbin içərisindəki rüşvət bataqlığı ilə bağlı obyektiv rəyləri ictimaiyyətə açıqlamırlar. Ursula fon der Lyayen sözügedən açıqlamanın gündəmdən düşməsi və yaxud işin içindən çıxması üçün əlindən gələni edəcək”.