Parlamentari: ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz

Tramp administrasiyası heç bir resursu, gələcəyi olmayan Ermənistana dəyər verməyəcək 

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması müzakirə predmeti olmaqda davam edir. Qeyd edək ki, Vaşinqtonda baş tutan mərasimdə sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken imzalayıb. Tərəflər bildiriblər ki, strateji tərəfdaşlıq komissiyası iqtisadiyyat, müdafiə, təhlükəsizlik, demokratiyanın inkişafı və ədalət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi planını müəyyən edəcək. Həmçinin, yaxın həftələrdə ABŞ Gömrük və Sərhəd Mühafizəsi üzrə ekspertlər qrupu sərhəd təhlükəsizliyi imkanlarını gücləndirmək üçün Ermənistana gələcək. Bundan əlavə, Ermənistan ABŞ-nin İŞİD-ə qarşı koalisiyasında iştirak edəcək. ABŞ dövlət katibi A.Blinken qeyd edib ki, hər iki ölkə dinc nüvə enerjisinin inkişafı üzrə saziş üzərində işə başlamağa hazırdır. Öz növbəsində Ermənistan XİN rəhbəri bu sənədin ən son beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq nüvə energetikasının inkişafı üçün sahə yaradacağı barədə fikir bildirib: "İrəvan və Vaşinqton arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasının ikitərəfli münasibətlərin gələcəyi üçün yol xəritəsi olacağına ümid edirəm. Ermənistan-ABŞ münasibətləri o həddə inkişaf edib ki, bunun strateji tərəfdaşlığa çevrilməsi nəinki məqsədəuyğundur, həm də mürəkkəb geosiyasi vəziyyətdən çıxış üçün vacibdir”.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, yanvarın 14-də Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası Paşinyan hakimiyyətinin çatışmazlıqlarının əksidir. Onun sözlərinə görə, xartiya gələcək əməkdaşlıq üçün əsaslı yol xəritəsi təqdim etməkdənsə, Ermənistanın təhlükəsizlik və suverenlik məsələlərinə, eləcə də demokratiya və idarəetmə məsələlərinin üstüörtülü qeydinə daha çox “qaranlıq qiymət” verir: “Bu sənəd yəqin ki, Ermənistanın regional müttəfiqlərini narahat edəcək. ABŞ ilə tərəfdaşlığa vurğu Avro-Atlantik strukturlara inteqrasiya işarələri ilə birlikdə Rusiya kimi əsas müttəfiqlərlə münasibətləri təhlükə altına qoyur. Bu cür dil ənənəvi tərəfdaşlıqdan uzaqlaşma və onsuz da qeyri-sabit olan geosiyasi vəziyyətdə gərginliyi daha da gücləndirmək kimi şərh edilə bilər. Digər problemli element ABŞ-nin regionda nəqliyyat əlaqələrini blokdan çıxarmaq və qonşuları ilə münasibətləri normallaşdırmaq çağırışıdır”. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan bunu mümkün nəticələri nəzərə almayan tələsik addım adlandırıb: "Ermənistanın Baş naziri Nikol Paşinyanın xarici siyasəti avantüra məntiqinə əsaslanır və ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradır".

Millət vəkili Tural Gəncəliyev "Sherg.az"a deyib ki, ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi ilk baxışda güclü səslənir. Ancaq deputat bunun SOROS-çuların, açıq cəmiyyət tərəfdarlarının və beşgünlük hakimiyyəti qalmış demokratların elə beşgünlük müqaviləsi adlandırıb:
 "Tramp 20 yanvar tarixində inauqurasiyadan sonra, Ağ Evdə ofisdə əyləşdikdən sonra hesab edirəm ki, dəfələrlə tənqid etdiyi Demokratların, Bayden administrasiyasının xarici siyasətlə bağlı qəbul etdikləri effektiv olmayan, yararsız bütün qərarlarına yenidən baxacaq. Tramp Amerika tarixində ondan əvvəlki administrasiyaların bağladığı mühüm müqavilələri denonsasiya (beynəlxalq müqavilələri birtərəfli pozan - red) edən, yaxud dəyişdirən yeganə rekordmen prezidentdir. 2015-ci ildə Barak Obama administrasiyası tərəfindən ABŞ və 6 böyük ölkə ilə İran arasında nüvə haqqında saziş bağlanmışdı. Tramp ilk prezidentlik dönəmində, səhv etmirəmsə, 2018-ci ildə həmin müqaviləni ləğv etdi. Yaxud 2015-ci ildə ətraf mühitlə bağlı imzalanmış Paris razılaşması da Tramp tərəfindən 2017-ci ildə ləğv edilmişdi. Tramp bunu belə əsaslandırmışdı ki, Paris razılaşması ABŞ-nin mövqeyinə, iqtisadi maraqlarına, sənayenin inkişafına tamamilə ziddir. Həmçinin, D.Tramp 1994-cü ildə imzalanmış Şimali Amerika Azad Ticarət Assosiasiyasının da ABŞ maraqlarına zidd olduğunu bəyan edərək həmin müqavilənin adını dəyişdirərək üçtərəfli "ABŞ, Meksika, Kanada razılaşması" ilə əvəz etmişdi. Tramp hər zaman bəyan edirdi ki, Meksika və Kanadadan ABŞ-yə gələn ticarət və miqrasiya axını Amerikanın milli maraqlarına ziddir. Yəni Tramp daha çox izolyasiyanizm üzərində siyasətini qurur. Hazırda Trampın seçdiyi şüar da sırf ölkənin iqtisadi maraqlarına söykənmək və xarici siyasətə yenidən nəzər salmaqdan ibarətdir. Tramp Kioto protokolundan da çıxıb, beynəlxalq təşkilatlarda, məsələn, UNESCO-da üzvlüyünü belə dayandırıb. Hesab edirəm ki, Tramp xüsusən Cənubi Qafqazla, Ermənistanla bağlı məsələdə real, praqmatik mövqedən çıxış edərək Azərbaycan və Türkiyə ilə münasibətlərini qoruyacaq. Eyni zamanda ABŞ-Ermənistan arasında imzalanmış sözügedən sazişin də ölkənin milli maraqlarına zidd olduğunu dərhal bəyan edəcəyini ehtimal edirəm". 

Parlamentari vurğulayıb ki, hakimiyyətdən getməsinə sadəcə 5-6 gün qalmış Bayden administrasiyasının belə bir sənəd imzalaması da göstərir ki, demokratlar Tramp administrasiyasına ən çətin, problemli məsələləri miras qoymaq üçün əllərindən gələni edirlər: 
"Ancaq cənab Prezident Azərbaycan rəhbərliyinin Tramp administrasiyası ilə əlaqələrinin yaxşı olmasını əbəs yerə xatırlatmadı. Azərbaycan-ABŞ münasibətlərinin pozulmasının əsas səbəbi Bayden administrasiyasının erməni mövqeli siyasəti olmuşdu. Tramp isə praqmatik, kommersant düşüncəyə, təfəkkürə malik bir siyasətçidir. Hətta Ermənistanla ABŞ arasında imzalanmış müqaviləni davam etdirmək niyyəti olsaydı, bunun sadəcə anti-İran elementini əsas götürərək edə bilərdi. Lakin burada sadəcə İran yox, Türkiyə, Azərbaycan və Rusiya məsələləri də var. Tramp hər üç ölkənin liderləri ilə normal münasibətlərinin olduğunu dəfələrlə vurğulayıb. Bir Ermənistana görə bu güc mərkəzləri ilə münasibətləri pozmağa dəyməz. Tramp daha qlobal düşündüyü üçün onun diqqəti Yaxın Şərqə, öz tərəfdaşı İsrailə daha çox dəstək verməyə yönəlib. Eyni zamanda Ukraynaya daha laqeyd münasibət sərgiləmək və anti-Çin siyasəti həyata keçirmək niyyətindədir. Tramp Cənubi Qafqaz və MDB məkanında daha az aktiv olmaqla əsas diqqətini Sakit okean hövzəsinə yönəldəcək. Panama üzərində suverenliyin bərpası, Qrenlandiya məsələsi və s. ilə məşğul olacaq. Tramp komandası üzvlərinin sosial şəbəkələrdəki fəaliyyəti də eyni məsələlərlə bağlıdır. Tramp administrasiyası heç bir resursu, gələcəyi olmayan Ermənistana dəyər verməyəcək".