Zaman İrəvanın yaralı yeridir
Ermənistan tələsik, yəni tam razılaşdırılmamış sülh müqaviləsini imzalamaq istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşündə Ermənistan və Azərbaycan arasında sülh prosesindən, sərhədin sülh yolu ilə nizamlanması və demarkasiya məsələsindən də danışıb. Xatırladaq ki, bir neçə gün öncə Paşinyan deyib ki, Azərbaycan və Ermənistan arasındakı problemlərin həll yolları masa üzərindədir, bunlar iki ölkənin nümayəndələrinin birgə işi nəticəsində yaranıb. Baş nazir qeyd edib ki, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, hətta gələcəkdə belə iddialarla çıxış etməmək məsələsini də əsaslı şəkildə həll edib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması və bundan əvvəl qəbul edilmiş Praqa bəyanatı ərazi iddiaları məsələsini tamamilə yekunlaşdırır: “Sülh müqaviləsinin razılaşdırılmış hissəsi imzalanmaq üçün yetkindir. Həmçinin Ermənistan razılaşdırılmamış iki maddə üzrə həll yolları təklif edərək Azərbaycandan müsbət cavab gözləyir”. Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycana qarşılıqlı silahlanma nəzarəti mexanizmlərinin yaradılması və sərhəd insidentlərinin birgə araşdırılması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu daşımalarının həyata keçirilməsi ilə bağlı yazılı təklif göndərib. Ermənistan rəhbəri diqqətə çatdırıb ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyalar normal və konstruktiv işləyir: "Bu günlərdə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında görüş keçirilib. Bütün bunlar o deməkdir ki, regionda eskalasiya üçün heç bir zəmin yoxdur, üstəlik, sülh üçün bütün zəminlər yaradılıb”.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən dərhal sonra sülh sazişinin imzalanması üçün Ermənistana öz şərtlərini təqdim etdi. Professorun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi şərtlər tam ədalətli, beynəlxalq hüquq normalarına uyğun və dayanıqlı sülh üçün əlverişli şərtlər idi:
"Ermənistan tərəfi də Azərbaycandan bu şərtləri aldığını lap əvvəldən etiraf etdi. Şərtlər Ermənistanın Azərbaycana ərazi iddialarından əl çəkməsi, silahlı birləşmələrini ərazimizdən çıxarması və digər vacib məqamlardan ibarət idi. Bu iki şərtlə bağlı Nikol Paşinyan da fikir bildirmişdi. Demişdi ki, Ermənistanın heç vaxt Azərbaycana ərazi iddiası olmayıb. Halbuki, 30 il boyunca Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənistan tərəfinin aşkar riyakarlığı Paşinyanın mövqeyindən aydın görünürdü. Necə ola bilər ki, Ermənistanın Azərbaycana ərazi iddiaları olmasın, amma bu məsələ Ermənistan Konstitusiyasının preambulasında öz aydın ifadəsini tapsın? Paşinyan beş il bundan öncə səsləndirdiyi fikirlərini isbat etməlidir. Azərbaycana olan ərazi iddialarından rəsmi əl çəkməlidir. O zaman Azərbaycan tələb edirdi ki, Ermənistan tərəfi Azərbaycan ərazisində olan silahlıları geri çəksin. Ermənistan bunu etmədi, Azərbaycana qarşı təxribatlarını davam etdirdi. Belə olan halda Azərbaycan bu şərti özü təmin etdi. Ona görə də sülh gündəliyini öz iradəmizlə irəli aparmaqdayıq".
E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistan tələsik, yəni tam razılaşdırılmamış sülh müqaviləsini imzalamaq istəyir:
"Bunun çox sadə səbəbi var. Ermənistan sadəcə olaraq zaman qazanmaq istəyir. Ermənistan Azərbaycana qarşı revanş üçün hazırlaşmaqdadır və bunu tək etmir, onu dəstəkləyənlər var. Məsələn, ABŞ ilə Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb. Ermənistan sərhədlərinə ABŞ-nin xüsusi sərhəd mühafizə dəstələrinin göndəriləcəyi deyilir. Ötən ilin aprel ayında Ermənistan baş naziri Brüsseldə, Ursula fon der Lyayen və Antoni Blinkenlə görüşdü. Həmin görüşdə Ermənistana təhlükəsizlik təminatlarının verilməsi, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Ardınca Fransa ağır hücum silahlarını Ermənistana ötürməyə başladı. Fransanın lisenziyası əsasında Hindistanda istehsal edilən silahların da Ermənistana göndərildiyini bilirik. Göründüyü kimi, Ermənistan Azərbaycana qarşı revanşa hazırlanmaqdadır. Yəni Cənubi Qafqaz regionunda Ermənistanın vasitəsilə gərginliyin yaradılması istiqamətində beynəlxalq səviyyədə işlər aparılmaqdadır. Ermənistan da bu vəziyyətdən yararlanaraq itirmiş olduğu mövqelərini geri qaytarmaq ümidindədir. Bu baxımdan Ermənistan razılaşdırılmış şərtlər əsasında sülh müqaviləsi imzalamaq istəyir. Tələblərimizdən biri Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsidir. Ermənistan bu gün Azərbaycanla hər hansı sənəd imzalayacaqsa, onda onun ümumiyyətlə əhəmiyyəti olmayacaq".
Politoloq vurğulayıb ki, bu gün Ermənistan Azərbaycanla sülh sazişi imzalayaraq, sadəcə olaraq gözdən pərdə asmaq istəyir. Məsələnin digər tərəfi ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan bunu da etmək istəmir. Çünki ATƏT-in Minsk qrupunun hələ də fəaliyyətdə olması, yəni daha doğrusu, de-yure mövcud olması, münaqişə vəziyyətinin sanki hələ də qaldığı təəssüratına hesablanıb".
Elşad Mirbəşiroğlu bəyan edib ki, ATƏT-in Minsk qrupu vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün yaradılıb:
"Minsk qrupu qalıbsa, şüuraltı aşılanan fikir odur ki, Ermənistan-Azərbaycan münaqişəsi sanki hələ qalmaqdadır. Ona görə ATƏT-in Minsk qrupu da var. Bu da Ermənistanın maraqlarına cavab verir. Eləcə də Cənubi Qafqaz regionunda münaqişə vəziyyətini qaytarmaq istəyən tərəflərin maraqlarına uyğun gəlir. Ermənistan tələsik sülhü imzalamaq istəyir ki, gələcək revanşa daha rahat hazırlaşsın. Nəhayət, üçüncü məqamı da səsləndirmək istəyirəm. Ermənistan həm də özünün sülhsevər imicini formalaşdırmağa çalışır, davamlı olaraq sülhdən danışır. Lakin ortada sülh yoxdur, sülhün olmadığına görə də məsuliyyəti Azərbaycanın üzərinə qoymaq istəyir. Bununla özünün "sülhsevər" obrazını yaradacağını zənn edir. Azərbaycanın ədalətli və Cənubi Qafqaz regionunda sülhə, təhlükəsizliyə xidmət edəcək şərtləri var və bu şərtlər təmin olunmalıdır. Bakı öz şərtlərinin tam təmin olunmadığı bir şəraitdə sülh sazişini imzalamayacaq. Çünki Ermənistanın və onun dəstəkləyicilərinin əsl niyyətini çox yaxşı bilir".