Aydın Sezer: Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi ola bilməyəcək

Türkiyə ilə Ukrayna arasında qarşılıqlı fəaliyyətin bəzi aspektləri Ankaraya münaqişənin həlli prosesində tamhüquqlu vasitəçi olmağa imkan vermir. Bu sözləri TASS-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri məsələləri üzrə xüsusi səfiri, Rusiya Evinin təşkilatçılığı ilə Ankarada səfərdə olan Rodion Miroşnik deyib. Miroşnik qeyd edib ki, vasitəçilik və ya sülhməramlı mövqe tutmaq istəyən tərəflər müəyyən meyarlara cavab verməlidir. Ən azından, Kiyev rejiminin təşəbbüsü ilə həyata keçirilən layihələri maliyyələşdirməməlidir. Bu nüans kifayət qədər vacibdir və Türkiyənin bir növ sülhməramlı kimi çıxış etmək istəyinə uyğun gəlmir. İqtisadi əməkdaşlıq, hərbi və ya hərbi-texniki dəstək - tərəflər arasında sülhməramlı rolu üçün qəbuledilməz amildir. Ona görə də aydındır ki, biz Türkiyənin bu cür hərəkətini təqdir edə bilmərik. Amma Türkiyə təbii ki, baş verənlərə öz baxışlarını rəhbər tutur. 
Eyni zamanda o bildirib ki, Rusiya Türkiyə ilə dialoq aparır:
“Rusiya xarici işlər nazirinin səfəri (Sergey Lavrov 23-24 fevralda Türkiyədə səfərdə olub – red.) göstərir ki, bizim ölkələr arasında kifayət qədər yaxın münasibətlərimiz var. Türkiyənin siyasətini tənqid etmək mənim səlahiyyətimə uyğun deyil, lakin hesab edirik ki, indi bizim tərəfimizdən irəli sürülən təkliflər (Ukrayna nizamlanması ilə bağlı) Türkiyənin milli maraqlarına xidmət edir, Türkiyə üçün daha praqmatikdir”.
Miroşnik əlavə edib ki, Moskva 3 il əvvəl həll yollarının tapılması üçün platforma təqdim etdiyi üçün Türkiyənin mövqeyini və hərəkətlərini yüksək qiymətləndirir: “Əgər o zaman müqavilə İstanbulda imzalansaydı, ilk növbədə Ukrayna tərəfindən yüz minlərlə insanın həyatını xilas etmək olardı. İndi qoy Zelenski öz xalqına bunun niyə baş vermədiyini izah etsin". Diplomat ümid etdiyini bildirib ki, Türkiyə ilə dialoqun davam etdirilməsi bizə qarşılıqlı məqbul həllər əldə etməyə imkan verəcək.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Ukrayna və Rusiya arasında danışıqlara Türkiyənin ev sahibliyi edə biləcəyini bildirmişdi.

Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a bildirib ki, 2024-cü ildə Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin, yəni prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasındakı müzakirələrdə vasitəçilik edə bilməyəcəyini demişdi:

“Son prezident seçkilərindən Türkiyə Qərbin Rusiyaya yönəlik iqtisadi embarqolarını icra etməyə və NATO daxilində Ukrayna siyasətində daha aktiv rol almağa başladı. Xüsusilə, Türkiyənin Avropa şirkətlərlə birlikdə Ukraynaya silah yardımlarına görə Rusiya son illər ərzində Ankaranın bu siyasətindən olduqca narahatdır. Ona görə də Rusiyanın Türkiyəni vasitəçi kimi görmədiyini söyləyə bilərik. Digər tərəfdən isə dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə görüşərkən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Rəcəb Tayyib Ərdoğanın “Krım Platforması”na yönəlik mesajını yayımladı. Rəcəb Tayyib Ərdoğan mesajında türk xalqının krım xalqının yanında olduğunu söylədi və Rusiyanın işğalını tanımadığını bildirdi. Dolayısı ilə Türkiyə və Rusiya arasında gərginləşən əlaqələr daha da dərinləşir. Buna səbəb isə Türkiyənin Amerikan embarqolarına uyaraq Rusiyadan neft alınmasını dayandırması oldu. Dünən Sergey Lavrovun Türkiyəyə səfər etməsinin səbəblərindən biri də budur. Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri məsələləri üzrə xüsusi səfiri Rodion Miroşnikin açıqlaması Türkiyə mediasında belə verilməyib. Rodion Miroşnik Türkiyənin bəzi səbəblərə görə Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilməyəcəyni söylədi. Amma eyni açıqlamanın daxilində Rodion Miroşnik Türkiyənin Amerikayla Rusiya arasındakı sülh müzakirələrində ev sahibliyi edə biləcəyini də deyib. Türk mediası Amerika və Rusiya münasibətlərini ön plana çıxardı və Ukrayna ilə bağlı məsələyə yer vermədi. Fikrimcə, Türkiyə Ukraynaya yönəlik siyasət izlədikdən bəri Rusiyayla məsafə saxlayır və iki ölkə arasında vasitəçi ola bilməyəcək”.