Gəncədəki Hüseyniyyə (Tatlar) məscidinin təmir-bərpası nəzərdə tutulur

Gəncədə keçirilməsi planlaşdırılan III MDB Oyunları çərçivəsində şəhərə gələcək turistlərin ibadətlərini yerinə yetirmələri üçün dini ocaqlarda lazımi şəraitin yaradılması diqqət mərkəzində saxlanılır.

"Report"un Qərb bürosunun məlumatına görə, bu məqsədlə Gəncə şəhərinin Hüseyin Cavid küçəsində yerləşən Hüseyniyyə (Tatlar) məscidinin təmir-bərpası nəzərdə tutulur.

Qeyd edək ki, XIX əsrdə inşa edilən Hüseyniyyə (Tatlar) məscidi əvvəllər mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.