Rəcəb Tayyib Ərdoğan Azərbaycana təşəkkür etdi

“Hamımızın bir damı var, o da göy üzüdür. Hamımızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində çıxışı zamanı deyib.

“Ətraf mühitə həssas yanaşma bütün qədim sivilizasiyaların, köklü mədəniyyətlərin və dinlərin ortaq dəyərlərindən biridir. Amma bu gün bəşəriyyət həddindən artıq istehlak ehtirasının da təsiri ilə, bəlkə də tarixinin ən dərin mövcudluq böhranlarından birini yaşayır.

Qlobal istiləşmədən biomüxtəlifliyin məhvinə, təbii sərvətlərin ölçüsüz istehlakından ərzaq təhlükəsizliyinin təhlükə altına düşməsinə, ekoloji dağıntılardan qəfil və dağıdıcı iqlim hadisələrinə qədər ciddi problemlərlə üz-üzəyik. Yanan bir meşənin, quruyan bir çayın, çirklənən bir dənizin, kəsilən bir ağacın bütün planetin ağrısına çevrildiyini hamımız çox yaxşı bilirik”, - Türkiyə lideri əlavə edib.

Hazırlıq prosesinə göstərdiyi güclü dəstəyə görə BMT Baş katibi Antonio Quterreşə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliya Baş naziri Entoni Albaneseyə, əvvəlki sammitlərdə qazandıqları təcrübəni bölüşdüklərinə görə isə Braziliyaya və Azərbaycana minnətdarlığını ifadə edib.