Bəhruz Məhərrəmov: “Ermənistan revanşist niyyətlərlə yeni müharibəyə hazırlaşır”
Ermənistan Respublikasının Müdafiə Nazirliyi Azərbaycanın hesabatlarını əsaslandıran faktları Ermənistan Respublikasına təhvil vermək şərti ilə araşdırmağa hazırdır.
Bu barədə Ermənistan Baş Naziri Aparatının bəyanatında qeyd olunub.
Bildirilib ki, Ermənistan Respublikası hökuməti sülh gündəmini rəhbər tutur: "Bunun danılmaz sübutu Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişin mətninin yekunlaşdırılması istiqamətində atılan addımlardır.
Sülh müqaviləsinin mətni üzrə razılaşma və saziş üzrə danışıqların yekunlaşdırılması həlledici addımdır və Ermənistan Azərbaycanı sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa çağırır.
Biz vurğulamağı zəruri hesab edirik ki, Saziş layihəsinin razılaşdırılmış mətni Ermənistan və Azərbaycan arasında sülhün və münasibətlərin bərqərar olmasının fundamental məsələlərini əhatə edir və gələcək addımların müzakirəsi üçün mexanizmləri nəzərdə tutur".
Bəyanatda həmçinin qeyd olunub ki, Ermənistan 2025-ci ilin yanvar ayında Azərbaycanın qərb rayonlarından Ermənistan Respublikasının ərazisi ilə Naxçıvana, əks istiqamətdə və üçüncü ölkələrə, şimal-qərb rayonlarından isə Ermənistanın cənubu istiqamətində, Ermənistanın üçüncü hissəsi vasitəsilə dəmir yolu daşımaları məsələsinin həlli ilə bağlı Azərbaycan Respublikasına yazılı şəkildə təklif təqdim edib: "Bir daha təsdiq edirik ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında Əsasnaməyə uyğun olaraq, Ermənistan Respublikası Azərbaycan Respublikası ilə dövlət sərhədinin demarkasiyası üzrə işləri davam etdirməyə hazırdır".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin bəyanat yayaraq sülh və sabitlik istiqamətində birgə işləmək niyyətini bəyan etməsi siyasi riyakarlıqdır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib:

"Əgər həqiqətən Ermənistan dövləti regionda dayanıqlı sülh arzulasaydı ilk növbədə 30 ildən artıq davam etmiş işğala yol verməz, sonrakı dövrlərdə isə Azərbaycanın sülh təşəbbüsləri qarşısında əngəl kimi çıxış etməzdi. Xüsusən Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin ifadə olunduğu sülh sazişi üzrə şərtlərin razılaşdırıldığı bir şəraitdə Ermənistan ordusunun Azərbaycan mövqelərini son 3 gündə fasilələrlə atəşə tutması Ermənistanın proseslərdə nə qədər "səmimi" olduğunu göstərməkdədir".
Deputatın sözlərinə görə, Ermənistan sülh sazişi ətrafında siyasi manipulyasilar edərək əslində regionda revanşist niyyətinin həyata keçirilməsini hədəfləyən yeni müharibəyə hazırlaşır:
"Əlbəttə, müşahidə olunan proseslər Azərbaycanda təəssüf doğurur, lakin "hay" hakimiyyəti dərk etməlidir ki, milli maraqlarımıza və mənafelərimizə münasibətdə hər hansı təhdid yaranarsa, Azərbaycan təəssüflənməklə kifayətlənməyəcək. Eyni zamanda növbəti məğlubiyyət əslində Ermənistan dövlətinin sonu olacaq".