ABŞ Prezidenti Donald Tramp martın 14-də 7 federal qurumun ləğv edilməsi barədə fərman imzalayıb. Onların sırasında Qlobal Media Agentliyi (USAGM) də yer alır. Bundan bir müddət öncə isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti dayandırılmışdı. Qeyd edək ki, USAID kimi USAGM da əsasən ABŞ-nin xaricə yönəlik layihələrini maliyyələşdirib. Beynəlxalq auditoriya üçün məlumatlar yayan “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi”, “Azad Asiya” radiolarının fəaliyyəti Qlobal Media Agentliyinin ayırdığı vəsaitlə təmin edilib.
Trampın imzaladığı fərman USAGM-i hədəf alsa da, mahiyyət etibarilə adıçəkilən media subyektlərini də sıradan çıxarır. Çünki maliyyə kəsilir.
Ekspertlərin fikrincə, Tramp tərəfindən bu təsisatların maliyyələşməsi artıq əhəmiyyətsiz görülür, ona görə ki, onun əlində artıq başqa alətlər var. Söhbət burada X platforması və digər sosial şəbəkələrdən gedir. Həmin o effektiv vasitələr daha çox işə yaradığı üçün Qlobal Media Agentliyi sıradan çıxdı.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli isə "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə gəldikdən sonra atdığı bu addımlar təsadüfi deyil. Onun sözlərinə görə, Tramp ötən seçkilərdə məğlub olduqdan sonra ona qarşı USAGM, USAİD başda olmaqla digər təşkilatlar ona qarşı çox çirkin, qara piar kampaniyaları aparırdılar:

"Hətta deyərdim ki, Co Baydenin hakimiyyətə gəlməsində bu təşkilatların çox böyük rolu olmuşdu. D.Tramp da indiyə qədərki bütün açıqlamalarında həmin təşkilatların sayəsində Baydenin qələbə qazandığını bildirmişdi. Ona görə də yenidən hakimiyyəti ələ alan Trampın ilk qərarları məhz USAGM, USAİD kimi təşkilatların fəaliyyətini dayandırmaq, maliyyə yardımlarını kəsmək oldu".
Trampa qədər heç bir ABŞ prezidentinin bu qədər radikal addımlar atmadığını vurğulayan
H.Heydərli deyib ki, sözügedən təşkilatlar təkcə ABŞ daxilində deyil, bütünlükdə dünya ölkələrində öz fəaliyyətlərini genişləndiriblər:
"Amerika Dövlət Departamentindən ayrılan pullar vasitəsilə onlar bir çox ölkələrin daxili işlərinə qarışıb. Həmin ölkələrdə xaos, hərc-mərclik yaratmaq istiqamətində ciddi addımlar atıblar. Qlobal Media Agentliyi ayrı-ayrı ölkələrdə təsir agenti missiyasını həyata keçirib. Bunu faktiki olaraq hər kəs bilir. Hesab edirəm ki, bir çox hallarda provakator kimi çıxış edən bu təşkilat və media qurumlarının fəaliyyətinin dayandırılması, ABŞ-nin xarici siyasətinə yeni bir baxış kimi də qiymətləndirilə bilər. Görünür, Tramp özünün maliyyə rıçaqlarından istifadə edərək dünyada baş verən proseslərə müdaxilə etmək, xarici ölkələrin daxili işlərinə qarışmaq üçün Amerikanın maddi resurslarını xərcləmək istəmir. Şübhəsiz ki, Trampın bu addımı bir çox ölkələr tərəfindən təqdirəlayiq hal kimi dəyərləndiriləcək".
H.Heydərli onu da deyib ki, USAİD, "Amerikanın səsi", "Azadlıq" radiosu kimi media subyektləri zaman-zaman Azərbaycanın da işinə qarışıb, reallıqdan kənar məlumatları dünya ictimaiyyətinə təqdim edərək ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa cəhd ediblər:
"Lakin Azərbaycan bir neçə müddətdir ki, USAID-in ölkəmizdəki fəaliyyətinin dayandırılması haqqında qərar verib. Adıkeçən media resurslarına maliyyə axınlarının kəsilməsi də Azərbaycanın xarici siyasətdəki uğurlarından biri kimi qiymətləndirilə bilər. Ötən illərdə biz bu qurumların qərəzli fəaliyyəti ilə bağlı açıqlamalar verəndə Dövlət Departamentinin təzyiqlərinə məruz qalırdıq. Lakin zaman göstərdi ki, biz vaxtından əvvəl bu media korporasiyalarının çirkin niyyətlərindən xəbərdar olmuşuq və onların ölkəmizdəki zərərli fəaliyyətlərinin qarşısını almışıq".