Özümüz danışıqlarda birbaşa iştirak edə bilərik və edirik
"Azərbaycan tərəfi davamlı olaraq münaqişənin bölgə dövlətlərinin iştirakı ilə həllini təklif edir".
Bu barədə Sherg.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Cənubi Qafqaz bölgəsinin taleyi məhz bu bölgədə həll olunmalıdır:
"Avropa İttifaqında görüşlər keçirildi. ABŞ-də və Rusiyada bir sıra təmaslar oldu, müzakirələr aparıldı. Bu görüşlərin böyük əksəriyyətində müəyyən problemlərin yaşandığını gördük. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan özü də dedi ki, Azərbaycanla birbaşa, ikitərəfli görüş və müzakirələr, o cümlədən bölgə çərçivəsindəki görüşlər keçmiş münaqişənin həllinə öz töhfəsini verməkdədir. O mənada əslində bu, yeni reallıqdır. Azərbaycan XİN başçısı Ceyhun Bayramov da vurğuladı ki, bölgə ölkələrinin ikili, üçlü görüşləri Azərbaycanın yaratdığı yeni reallıqların təsdiqidir. Bu, sadə bir məsələ deyil. Antalya Forumunda Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşü, Gürcüstanla üçlü görüşün keçirilməsi Azərbaycanın son illərdə əldə etdiyi ən böyük uğurlardan biridir".
Parlament üzvü vurğulayıb ki, bizə başqa vasitəçi, kənar dövlət lazım deyil:
"Özümüz danışıqlarda birbaşa iştirak edə bilərik və edirik. Region ölkələri arasında üçlü və altılı formatda keçirilən görüşlər geosiyasi proseslər fonunda, dünyada cərəyan edən hadisələr çərçivəsində ən uyğun platformadır. Proses ona doğru gedir ki, artıq beynəlxalq təşkilatlar öz rolunu oynaya bilmir. Biz bunu BMT-nin qətnamələrində, Avropa İttifaqının ikili standartlarında da gördük. Ona görə bölgə dövlətlərinin ikili, üçlü və digər formatlarla görüşləri, müzakirələri uzun müddət Azərbaycanın üzərində çalışdığı layihədir".