Əhməd Şahidov: “Prezident İlham Əliyevin qətiyyəti İranla münasibətlərin dönüş nöqtəsi oldu”
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə edam olundu. Məlumata görə, hökm aşağı instansiya məhkəməsinin qərarını Ali Məhkəmə təsdiqləyəndən sonra icra edilib. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də məlum terror hadisəsi baş verəndən dərhal sonra Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması, diplomatların geri çağırılması ilə bağlı tapşırıq vermişdi. Məsələ ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyini açıqlamışdı. Rəsmi Bakı cinayətkarın həbs olunması və cəzalandırılmasını tələb etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi həmin il yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edərək diplomatik missiyanın fəaliyyətini dayandırıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı. Tərəflər üçün arzuedilməz, faciəli hadisə Bakı ilə Tehran arasında münasibətlərin yaxşılaşmasına, aydınlaşmasına, əməkdaşlığın inkişafına müəyyən mənada təkan verdi. İranda anti-Azərbaycan ünsürlərin ifşasına yardım etdi. Hakimiyyətin yüksək səviyyəsində bu terror hücumu pisləndi. İranın ovaxtkı, 2024-cü il mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş Prezidenti İbrahim Rəisinin Prezident İlham Əliyevə başsağlığı verməsi bunu təsdiqləyir. Hökmün yerinə yetirilməsi Azərbaycan dövlətinin, onun rəhbərinin qətiyyətinin, prinsipiallığının təsdiqidir. Rəsmi Bakı ilə Tehran arasında münasibətlər son zamanlar xeyli istiləşib. Bu qərarın da ikitərəfli əlaqələrə müsbət impuls verəcəyi istisna olunmur.
Siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycan hər zaman haqlı mövqeyini müdafiə edib və bundan sonra da bu mövqeyindən geri çəkilməyəcək. Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktının təşkilatçısı Yasin Hüseynzadənin edam olunması Azərbaycan dövlətinin prinsipial və qətiyyətli siyasətinin nəticəsidir:
"Bu hadisə hər iki dövlət üçün faciəvi olsa da, əslində, münasibətlərin normallaşmasına və əməkdaşlığın daha sağlam şəkildə qurulmasına zəmin yaradıb. Səfirliyə hücumdan dərhal sonra Prezident İlham Əliyevin verdiyi sərt və prinsipial mövqe, səfirliyin fəaliyyətinin dayandırılması və diplomatların ölkəyə qaytarılması Azərbaycanın öz vətəndaşını harada olmasına baxmayaraq, müdafiə etdiyini sübut etdi. Son dövrlərdə Azərbaycan və İran arasında münasibətlərdə müşahidə olunan istiləşmə region üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə Prezident İlham Əliyevlə mərhum İran Prezidenti İbrahim Rəisi arasında baş tutan sərhəd görüşü və “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının birgə istifadəyə verilməsi bu dostluğun və əməkdaşlığın nə qədər dəyərli olduğunu bir daha sübut etdi. İran və Azərbaycan xalqları arasında tarixən yaxınlıq, qardaşlıq və qohumluq münasibətləri olub və bu tellər heç vaxt qırılmayıb. Münasibətləri pozmaq istəyən bəzi qüvvələr olsa da, hər iki ölkə rəhbərliyinin iradəsi bu cəhdləri boşa çıxarıb".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan-İran münasibətlərinin inkişafı təkcə iki dövlət üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır:
"Əməkdaşlığın genişlənməsi, iqtisadi layihələrin birgə icrası və təhlükəsizlik sahəsində əməkdaşlıq bölgədə sabitlik və rifahın möhkəmlənməsinə töhfə verəcək. Prezident İlham Əliyevin və yeni seçilmiş İran Prezidenti Məsud Pezeşkianın münasibətlərin inkişafı ilə bağlı verdiyi mesajlar gələcək üçün ümidvericidir. Pezeşkianın faciəvi hadisələrə baxmayaraq, Azərbaycana səfər etməsi və buradakı çıxışları münasibətlərin daha da yaxınlaşmasından xəbər verir. Azərbaycan hər zaman olduğu kimi bundan sonra da haqlı mövqeyini müdafiə edəcək və İranla qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətləri inkişaf etdirməyə davam edəcək. Bu dostluq və əməkdaşlıq təkcə iki dövlət üçün deyil, bütün regionun sabitliyi, təhlükəsizliyi və rifahı üçün vacibdir".