Ankara Bakı ilə birlikdə hərəkət edir

Əvvəl-axır Türkiyə-Ermənistan münasibətləri normallaşmalıdır

"Bölgədə sülh, əmin-amanlıq yaratmaq üçün İrəvan tərəfi üzərinə düşən öhdəliyə qeyd-şərtsiz əməl etməlidir"


Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə təyin edilən xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada keçiriləcək. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan deyib. Qeyd edək ki, Türkiyə tərəfi ölkənin ABŞ-dakı sabiq səfiri Sərdar Kılıçı, Ermənistan isə parlamentin sədr müavini Ruben Rubinyanı xüsusi nümayəndə təyin edib. Rusiya Xarici işlər naziri Sergey Lavrov da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib ki, Moskva Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyir. 

İki ölkə arasında əməkdaşlıq mühitinin formalaşması ilə bağlı “Şərq”ə danışan millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Şərq”ə deyib ki, əslində Türkiyə-Ermənistan əlaqələri İrəvan-Bakı arasındakı proseslərin tərkib hissəsidir. Deputat bildirib ki, əgər Ermənistan normallaşma prosesində müsbət addım atarsa, Türkiyə buna adekvat cavab verəcək:

 “Ermənistanın gələcək inkişafı üçün Türkiyə və Azərbaycanla əməkdaşlıq vacib şərtlərdən biridir. Ankara rəsmi Bakı ilə birlikdə hərəkət edərək Ermənistanla əməkdaşlığa yönəlik addımlar atır. Ermənistan da adekvat cavab verməlidir. Eyni zamanda Azərbaycanla sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması istiqamətində ciddi və əməli davranış sərgiləməlidir. Əvvəl-axır Türkiyə-Ermənistan münasibətləri normallaşmalıdır. Qarabağ münaqişəsi bitib, bölgədə yeni reallıq formalaşıb. Ermənistanın Baş naziri Nikol Paşinyan da əməkdaşlıqla bağlı nisbətən pozitiv açıqlamalar verməkdədir. Hazırda müzakirə olunan əsas məsələ üç ölkənin imza atdığı üçtərəfli bəyanatın icrasıdır. Bölgədə sülh, əmin-amanlıq yaratmaq üçün İrəvan tərəfi üzərinə düşən öhdəliyə qeyd-şərtsiz əməl etməlidir. Rusiya Ermənistanın əsas müttəfiqi və İrəvana güclü təsir mexanizminə sahib ölkədir. Bu baxımdan Moskvanın Ermənistan-Türkiyə əlaqələrinin normallaşması prosesində rol oynaması vacibdir. Moskva İrəvanı istənilən istiqamətdə addım atmağa vadar edə bilər”.