Azərbaycan, Türkiyə və Gürcüstan böyük təcrübəyə sahibdir

Gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması müsbət və zəruri ortaq təşəbbüslərdən biridir

Türkiyə Azərbaycan və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında protokolu təsdiqləyib. Üç ölkə arasında gömrük məsələləri komitəsi ötən ilin oktyabrında Türkiyənin İzmir şəhərində yaradılıb. Üçtərəfli Komitə tərəflər arasında əməkdaşlığı əlaqələndirəcək, təşviq və inkişaf etdirəcək. Eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətləri müəyyənləşdirəcək. Komitə tərəflər arasında sərhəd keçidlərini asanlaşdırmaq, təhlükəsizliyi təmin etmək, modernləşmə proqramları və təchizatla bağlı bilik və qabaqcıl təcrübələri bölüşmək, qaçaqmalçılığa qarşı birgə operativ tədbirlər görmək üzrə əməkdaşlığı əlaqələndirəcək. Tərəflərin gömrük xidməti rəhbərləri Komitənin həmsədrləri olacaq və müxtəlif sahələr üzrə işçi qrupları yaradılacaq. İclaslar ildə bir dəfə keçiriləcək. Növbəti toplantı Bakı şəhərində olacaq. 

Üç ölkə arasında gömrük komitəsinin yaranmasını “Şərq”ə dəyərləndirən millət vəkili Vüqar Bayramov deyib ki, son dönəmlər regionda Azərbaycan və Gürcüstanın, eləcə də Türkiyənin birgə əməkdaşlığı və münasibətlərdən qarşılıqlı faydalanma daha çox müşahidə olunmaqdadır. Deputatın sözlərinə görə, üç ölkə çoxsaylı birgə layihələrin həyata keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir: 

“Üç dövlət arasında daha sıx əməkdaşlıqla bağlı mütəmadi müzakirələr gedir, danışıqlar aparılır. Gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması müsbət və zəruri ortaq təşəbbüslərdən biridir. Komitə region ölkələri arasında ticarət dövriyyəsinin artmasını stimullaşdıracaq. Xüsusən, ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə imkan verəcək. Bu da hər üç ölkənin iqtisadi inkişafı baxımından vacibdir. Gələcəkdə ölkələr daha çox birgə layihələrə imza ata biləcəklər. Azərbaycan, Gürcüstan və Türkiyəni həm də nəqliyyat qovşaqları birləşdirir. Bu kontekstdən yanaşsaq, birgə əməkdaşlıq sadəcə üç ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın tərəqqisinə xüsusi töhfə verəcək”.