Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq - Tofiq Zülfüqarov

  • Bakı dəfələrlə öz mövqeyini bəyan edib, müstəqil və balanslı siyasətinə davam etməkdə maraqlıdır

Son günlər Azərbaycan-Rusiya münasibətlərində siyasi və informasiya müstəvisində diqqət çəkən yeni proses baş verib. Azərbaycan Baş Prokurorluğu Rusiyanın üç vətəndaşı – “Moskva 24” telekanalının aparıcısı və jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov, televiziya jurnalisti və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını açıqlayıb. Söhbət təkcə siyasi polemikadan deyil, Azərbaycan hüquq-mühafizə orqanlarının qiymətləndirməsinə görə, dövlət əleyhinə və zorakı xarakter daşıyan çağırışlardan gedir. Baş Prokurorluğun məlumatına əsasən, araşdırmanın diqqət mərkəzində 14 iyul 2026-cı ildə “YouTube” platformasında Semyon Uralovun kanalında yayımlanan “Чистота понимания” verilişində səsləndirilmiş fikirlər dayanır. İstintaq həmin çıxışlarda Azərbaycana qarşı zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün parçalanmasına, habelə milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışların olduğuna dair əsaslı şübhələr müəyyən edib. Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışları, dövlət əleyhinə yönələn açıq çağırışları və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ilə bağlı maddələri əsasında cinayət işi başlanıb. Bu qərarın diqqət çəkən məqamlarından biri isə iş üzrə təqsirləndirilən şəxslərdən Aleksey Çadayevin Rusiya nəqliyyat nazirinin müşaviri kimi fəaliyyət göstərməsidir. Beləliklə, məsələ yalnız ayrı-ayrı media nümayəndələrinin Azərbaycan əleyhinə açıqlamaları çərçivəsində qalmır, həm də Rusiya siyasi və informasiya məkanında Azərbaycana münasibət, dövlətlərarası münasibətlər fonunda media ritorikasının sərhədləri və belə çağırışların hüquqi nəticələri məsələsini gündəmə gətirir. Hadisənin Azərbaycan-Rusiya münasibətlərinin onsuz da həssas mərhələsində baş verməsi də xüsusi diqqət çəkir

Sabiq xarici işlər nazir Tofiq Zülfüqarov Sherg.az-a bildirib ki, belə addımlar hansısa siyasi dairələrin sifarişiylə həyata keçirilir:

"Beynəlxalq təcrübədə rəsmi mövqedən kənar bəyanatlar bəyanatlar hakimiyyətə yaxın amma birbaşa siyasi elitanın üzvü olmayan insanlara tapşırılır. Bunun bir mesaj olduğunu düşünürəm. Rusiya tərəfi bununla göstərmək istəyir ki, Azərbaycanın artdığı bəzi addımlardan narazıdır. Azərbaycan isə öz növbəsində bu cür addımlara beynəlxalq təcrübə və qanunlar çərçivəsində cavab verir. Yəni rəsmi Bakı mesajı aldığını, amma öz addımlarını davam edəcəyinin siqnallarını ötürür. 

Sabiq XİN rəhbəri qeyd edib ki, Rusiyanın bu addımlarının Azərbaycanın Ukraynayla yaxınlaşmasının cavabı olduğunu hesab edir:

“Bu siyasi proseslər onu göstərir ki, Moskvadakı bəzi siyasi dairələr Azərbaycana hələ də yuxarıdan-aşağı baxmağa üstünlük verir. Azərbaycan dəfələrlə öz mövqeyini bəyan edib. Həmçinin Bakı müstəqil və balanslı siyasətinə davam etməkdə maraqlıdır. Əminəm ki, Azərbaycan tərəfindən verilən cavab da lazimi ünvanlara çatacaq”.