Bayram günlərində sərhəddə təxribatlar gözləniləndir

Ona görə Azərbaycan Ordusuna ciddi tapşırıqlar verilib

Dekabrın 27-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət təhlil edilib. Nazir xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsini, xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib.

Zakir Həsənovun işğaldan azad olunan bölgələrdə nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqların mahiyyətini “Şərq”ə açıqlayan siyasi ekspert Əlimusa İbrahimov bildirib ki,  Ermənistanda revanşist qüvvələr mövcuddur  və onların bayram günlərində belə bir təxribata əl atması gözləniləndir:

 “Son hadisələr Azərbaycanın Ermənistan üzərində diplomatik sahədə qələbələri ilə nəticələnir. Bu gün keçirilən görüşlərdə və buna qədər Brüsseldə və digər yerlərdə Azərbaycan yeni-yeni uğurlara imza atır. Cəbhədə qazandığımız qələbələr diplomatik sahədə möhkəmləndirilir və burada Azərbaycan Respublikasının Prezidenti diplomatik sahədə öz diplomatiyasına yenə də sadiq qalır.

 Eyni zamanda qarşıdan həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir – 31 dekabr. Bu iki hadisəni millətimiz və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar üçün qara günə çevirmək istəyən revanşist qüvvələr var. Təbii ki, başda ermənilər olmaqla həm Azərbaycanın diplomatik sahədə qazandığı uğurlara kölgə gətirmək, həm də qarşıdan gələn yeni formatda yəni qələbə qazanmış xalq olaraq, qələbə əhval-ruhiyyəsində  keçirdiyimiz bayramı bizə çox görən düşmənlərimiz də var. Bütün bu hadisələrin qarşısını almaq üçün təbii ki, Ermənistanda gözləyən revanşist qüvvələr hərəkətə keçə bilərlər. Bu təxribatların qarşısını almaq üçün Azərbaycan əsgərini, ordusunu, generalını ayıq-sayıq olmağa çağırıb və lazım olan tapşırıqları verib. Bu, eyni zamanda qarşı tərəfə bir mesajdır ki, biz öz postumuzda möhkəmik və sizin törədə biləcəyiniz təxribatların qarşısını almağa hazırıq”. 

Ekspert həmçinin bu kimi təxribatların sülh prosesini dayandıra bilməyəcəyini vurğulayıb: “Danışıqlar prosesi artıq bir qatardır, yola çıxıb, gedir. Bu qatarın qarşısında müəyyən maneələr yaradıla bilər, gecikdirilə bilər, amma qatarı saxlamaq mümkün deyil. Ona göə ki, bütün dünya Azərbaycanın və Türkiyənin ortaya qoyduğu mövqeylə razılaşır və bu istiqamətdə Azərbaycan və Ermənistana istiqamət verirlər. 

Paşinyan da bütün dünyanı fırlanıb gəldikdən sonra axırda Azərbaycanın dedikləri ilə razılaşmağa məcbur oldu. Bildiyimiz kimi, Soçiyə məcbur qalıb getdi, orada razılaşmalardan imtina etdi, razılaşmaq istəmədi. Avropada da, Brüsseldə Azərbaycana təsir və təzyiq olundu. Ancaq bütün bunlar alınmayandan sonra məhz elə Brüsseldən qayıdandan sonra Azərbaycan və Türkiyənin mövqeyi ilə razılaşmağa başladı. Hətta bu yaxınlarda qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində olmalıdır. Bu mesajlar artıq Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq lazım olduğunu başa düşdüyünü göstərir. Sadəcə, o, müxalifətdə olan ermənilərə birdən-birə bunu deyə bilmir. Çünki onun üçün çox böyük problem ola bilər. Nəticə olaraq, bu sülh prosesinə müəyyən təsirlər göstərilə bilər. Ancaq onun qarşısını almaq mümkün deyil”.

Sənan İsmayıl