Bir az da fəal olmalıyıq

“Google maps” Azərbaycanın tarixi adlarını özünə qaytarmalıdır

Məsələnin şirkət qarşısında qaldırılması çox müsbət addımdır

Azərbaycan “Google maps” tətbiqində Qarabağ bölgəsinin adlarının rəsmi və tarixi adlarla göstərilməsi üçün diplomatik kanallarla “Google” şirkəti qarşısında məsələ qaldırıb. Eyni zamanda Azərbaycana məxsus yerlərin hələ də saxta adlarla erməni dilində göstərilməsi yanlışlığının aradan qaldırılması ilə bağlı müraciət edib. Ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib. 

Məktubda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahı, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adı göstərilib. Vurğulanıb ki, BMT-nin “Coğrafi adların Standartlaşdırılması üzrə Konfransları” çərçivəsində qəbul edilmiş qətnamələrə görə hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir. Bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz. Bir məqama diqqət çəkək ki, “Google maps” platforması istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. 

Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağll fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir. 

Millət vəkili Hikmət Babaoğlu “Şərq”ə açıqlamasında deyib ki, hazırda “Google” axtarış sistemi ciddi mənbə kimi çıxış etməklə mühüm informasiya mübadiləsi platforması sayılır. Deputatın sözlərinə görə, “Google” bir növ virtual kitab rolu oynayır, maarifləndirmə vasitəsi kimi şıxış edir:

 “Ona görə də bu mənbədə nəyin necə təqdim edilməsi məlumatlandırma baxımından strateji əhəmiyyət daşıyır. 

Təəssüf ki, 30 illik erməni işğalı dövrü torpaqlarımızla bərabər həm də yer adlarımızın, toponimlərimizin, etnonim və hidronimlərimizin, yəni bizə aid olan coğrafiyada bütün maddi-mədəni irsin də işğal altına düşməsinə səbəb olub. 

Hazırda “Google” sistemində bu adların yenidən özümüzə qaytarılması həm milli yaddaşımız, həm tarixi ədalət, həm də qlobal məkana obyektiv informasiya ötürmək baxımından olduqca aktualdır. 

O səbəbdən “Google maps” tətbiqində Qarabağ bölgəsinin adlarının rəsmi və tarixi adlarla göstərilməsi məsələsinin  şirkət qarşısında qaldırılması çox müsbət addımdır.

 Məktubda göstərilən 4589 yaşayış məntəqəsi və 125 coğrafi adın bərpa edilərək öz adları ilə göstərilməsi təqdirəlayiqdir və alqışlanmalıdır”.