Erməni baş nazir özünü sığortalamağa çalışır

Paşinyanın Araiklə, guya, “müharibə” vəziyyətində olması hiylədir

"Azərbaycan bu oyunlara məhəl qoymadan öz addımlarını ciddi və sərt şəkildə atmalı, hesabladığı məntiqi sonluğa çatmalıdır"

   Həftəsonu Ermənistanda siyasi gündəmə Baş nazir Nikol Paşinyanın Qarabağa dair açıqlamaları damğa vurdu. Paşinyan sələflərinin Qarabağa dair apardığı danışıqların detallarını Ermənistan cəmiyyətinə açıqlayıb. O qeyd edib ki, aparılan danışıqlar prosesi ərzində Qarabağda yaşayan azərbaycanlıların hüquqları məsələsi heç vaxt heç bir hökumət və ya danışıqlar aparan şəxs tərəfindən mübahisələndirilməyib. Onun sözlərinə görə, “Dağlıq Qarabağ Muxtar Vilayəti” danışıqlar prosesində heç vaxt sırf erməni subyekti kimi qəbul edilməyib: 

“Danışıqların məzmunu sovet dövründə “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə yaşayan azərbaycanlıların “Dağlıq Qarabağın” statusunun müəyyən edilməsində iştirak hüququnu təsbit edir”. Paşinyan vurğulayıb ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinə qədər Ermənistan tərəfi buna etiraz etməyib. Baş nazirin açıqlamaları Ermənistan cəmiyyətində soyuq duş effekti yaradıb və müxtəlif reaksiyalara səbəb olub. Xüsusən, Qarabağdakı separatçıların başı Araik Arutyunyan Paşinyanın sözlərinə qarşı çıxıb. Terrorçu başı deyib ki, “Qarabağ ermənilərinin müqəddəratının həlli ilə bağlı qərarları yalnız onlar özləri verə bilərlər”. Separatçıya görə, ermənilər üçün Qarabağın “müstəqilliyi” əsas hədəf hesab olunur və Azərbaycanın tərkibində hər hansı status qəbuledilməzdir. 

Ermənistanın “Hraparak” nəşri də yazıb ki, Nikol Paşinyanın “Qarabağın statusu Azərbaycanın Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejimdə fövqəladə vəziyyət yaranıb: “İndi əsas müzakirə mövzusu budur ki, Arutyunyan Paşinyanın Qarabağdan imtina prosesini sona çatdıracaq, yoxsa mübarizə aparacaq”. Qəzet Qarabağdakı separatçı-terrorçu rejimin daxilində baş verən proseslərə də diqqət çəkib və Samvel Babayanla Araik Arutyunyan arasında qarşıdurma olduğunu yazıb. Ekspertlər düşünürlər ki, Paşinyan bu açıqlamaları ilə “Qarabağ klanı” da daxil olmaqla öz siyasi rəqiblərini vurur. Digər tərəfdən isə Ermənistan cəmiyyətini regionda yeni yaranmış reallığa hazırlayır. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bazar ertəsi keçirdiyi mətbuat konfransında Paşinyanın bəyanatına istinadən deyib ki, Ermənistan Qarabağdan “əlini üzüb”. 

Siyasi şərhçi Azər Qasımov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Nikol Paşinyan istəməsə belə həqiqətləri dilə gətirməklə müharibədəki məğlubiyyətdə özünü sığortalamağa çalışır. Politoloq xatırladıb ki, hələ hakimiyyətə gələndə parlamentdəki çıxışında işğal olunmuş torpaqları geri qaytarmaqdan danışarkən çoxları ona kəskin etiraz etmiş, bunun mümkün olmadığını demişdilər: 

“Lakin Ermənistan müharibədə məğlub oldu. İndi Paşinyan həmin fikirlərə bənzər ifadələr səsləndirməklə məlum və qaçılmaz sonluqla bağlı özünü sığortalamağa çalışır. Bilir ki, prosesin sonunda ermənilərin taleyi ən yaxşı halda Azərbaycanın konstitusiyasına uyğun nizamlanacaq. Buna Ermənistanın təsir göstərmək imkanı yoxdur. Paşinyanın sözləri Qarabağdan ümidi kəsmək kimi dəyərləndirilsə də, əslində baş nazir mövcud reallıqda gücü çatmadığı məsələni daha maraqlı qüvvələrin üzərinə atmağa cəhd göstərir. Məncə, bu, ermənilərin yeni oyunudur. Hələ müharibədən əvvəl ermənilər Qarabağda yeni “rəhbər” seçəndə, Araikin Paşinyanın adamı olduğunu, onların Sarkisyan-Koçaryan cütlüyünün, yəni “Qarabağ klanı”nın adamına qarşı mübarizə apardığını hamı bilirdi. İndi Paşinyanın Araiklə, guya, “müharibə” vəziyyətində olması hiylədir və prosesi çıxmaza soxmağın ermənisayaq üsuludur. Təbii ki, burada Rusiyanın rolu danılmazdır”. 

A.Qasımov vurğulayıb ki, Azərbaycan üçün bunlar keçilmiş mərhələdir:

 “Bu, bizə problemin başladığı 80-cı illərin sonunu xatırladır. Ermənilər Qarabağa “müstəqillik” istəməyə başlamışdılar. Ruslar və Ermənistan “bu məsələ bizlik deyil, Qarabağ xalqı özü istəyir” deyərək yaxalarını kənara çəkirdilər. Hətta müharibə başlayana kimi nə Qarabağın “müstəqilliyini” tanıdılar, nə də onlara dəstək verdiklərini boyunlarına aldılar. Məsələ o yerə çatdı ki, Azərbaycan tərəfi Ermənistanın Qarabağ müharibəsində iştirakını sübut etmək üçün faktlar önə sürməklə məşğul oldu. Deyilənləri nəzərə alaraq, Azərbaycan bu oyunlara məhəl qoymadan öz addımlarını ciddi və sərt şəkildə atmalı, hesabladığı məntiqi sonluğa çatmalıdır”.