Ermənistanın nümayəndə heyəti Ankara və Bakıya səfərə hazırdır

Ekspertlər hesab edir ki, birbaşa dialoq imkanlarından istifadə daha faydalıdır

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır. Armen Qriqoryan eyni zamanda Azərbaycan və Türkiyə nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazır olduqlarını da səsləndirib. 

O qeyd edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır. Armen Qriqoryanın bu açıqlaması nəyə hesablanıb?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, Moskvadan sonra “3+3” platformasının növbəti görüşü Ankarada keçiriləcək. Analitikin sözlərinə görə, Ermənistan təmsilçisi “altılıq” platformasında iştirak üçün Ankaraya gedəcək: 

“Ermənistan hökuməti Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vasitəsilə indidən erməni cəmiyyətinə mesaj yollayır ki, Ankaraya gedəcəklər. Digər yandan, Armen Qriqoryanın mesajı həm də beynəlxalq aləmədir. Ermənilər dövləti özü haqda müsbət imic formalaşdırmağa çalışırlar. Demək istəyirlər ki, müharibədə Azərbaycana məğlub olmalarına və xeyli itki vermələrinə baxmayaraq, qonşuları ilə birbaşa dialoqa hazırdırlar. İstənilən halda əgər İrəvan Bakı ilə birbaşa dialoqa hazır olduğunu nümayiş etdirirsə, bundan faydalanmaq lazımdır. Rusiyanın vasitəçilikdə inhisarçı mövqeyini azaltmaqda fayda var. Ona görə birbaşa dialoq imkanlarından maksimum istifadə etmək lazımdır”.