Gürcüstan ordusunu hərtərəfli gücləndirir

Qonşumuz Azərbaycanın hərbi təcrübəsini öyrənməyə can atır
Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-dən 23-dək ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Azərbaycan Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında keçirilən görüşdə 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Görüşdə həmçinin, tərəflər hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıblar. General-polkovnik Zakir Həsənov birgə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Bunun ölkələrimizin inkişafı ilə yanaşı bütün regionda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığını xüsusi vurğulayıb. Birgə təlimlərin əhəmiyyətini qeyd edən nazir Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
 Müdafiə naziri azad edilmiş ərazilərdə görülən işlər barədə də qonağa məlumat verib. C.Burçuladze də öz növbəsində əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin önəmindən danışıb. Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlıqların inkişafının zəruriliyi vurğulanıb. 
Qonşu Gürcüstanla hərbi əməkdaşlığımız barədə “Şərq”ə danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Azərbaycanla Gürcüstanın hərbi sahədə əlaqələrinin dərin kökləri var. Hərbi ekspert bildirib ki, istənilən dövr və şəraitdə Gürcüstanla sıx əməkdaşlıq etmişik:
 “Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze Azərbaycana ilk səfərini edib. Səfərin məqsədi o idi ki, tərəflər 2022-ci il üçün həm ikitərəfli, həm də Türkiyənin iştirakı ilə üçtərəfli hərbi əməkdaşlıq sazişlərini imzalasınlar. Türkiyə Gürcüstan Silahlı Qüvvələrinin NATO-ya daxil olması prosesində birbaşa cavabdehlik daşıyan ölkədir. Bu məsələdə patronajlığı qardaş Türkiyə həyata keçirir. Gürcüstan öz ordusunu qardaş Türkiyə sayəsində xeyli təkmilləşdirib. Burçuladzenin ölkəmizə gəlişi ilk növbədə tanışlıq mahiyyəti daşıyırdı. Səfər çərçivəsində qarşıdakı dönəmdə birgə fəaliyyət planı da təsdiq olundu. Müdafiə nazirlərinin görüşündə hər iki ölkədə fəaliyyət göstərən hərbi attaşelər də iştirak etdilər”. 
Ü.Cəfərov vurğulayıb ki, Gürcüstanla ayrı-ayrı sahələr üzrə birgə əməkdaşlıq planlaşdırılır. Burada söhbət sadəcə müdafiə nazirliklərindən getmir: 
"Gürcüstan qonşu dövlətdir. O baxımdan ikili əlaqələrdə Dövlət Sərhəd Xidməti, Xarici və Daxili işlər nazirliklərinin birgə əməkdaşlığı zəruridir. 2022-ci il üçün ikitərəfli sazişin detalları ayrı-ayrı qurumlar tərəfindən işləniləcək. 
Gürcüstan bizim üçün vacib ölkədir. Hər zaman beynəlxalq müstəvidə bir-birimizə dəstək vermişik. Tbilisi üçün Bakı da vazkeçilməz tərəfdaşdır. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü təmin edib. 
Gürcüstanın iki mühüm bölgəsi hələ də işğal altıdadır. Şübhə yox ki, həmin ərazilər gec-tez Gürcüstanın yurisdiksiyasına qayıdacaq. Bunun üçün qonşu ölkədə müəyyən işlər görülür. Ən əsası isə ordu gücləndirilir. 
Çox güman, Azərbaycana səfər çərçivəsində ordu ilə bağlı önəmli nüanslar dərindən öyrənilib”.