Hərəkətdə olan avtobusda telefon işlədən sürücü işdən çıxarıldı - EKSPERTDƏN ÇAĞIRIŞ

“Sükan arxasında telefon qəza riskini kəskin artırır”

Sumqayıtda 7 saylı avtbusun sürücüsü işdən azad edilib. Həmin sürücünün avtobusu idarə edə-edə, avtobus hərəkətdə ikən mobil telefondan uzun müddət istifadə etməsi salondakı sərnişin tərəfindən görüntüyə alınıb və sosial şəbəkədə paylaşılıb.

Yayılan görüntülərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən araşdırma aparılıb və sürücünün sərnişindaşıma qaydalarını kobud şəkildə pozduğu məlum olub. Bu haqda AYNA-nın məlumatında qeyd olunub. 

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, sükan arxasında mobil telefondan istifadəyə görə cərimə 50 manatdır: 

- Bildiyiniz kimi, həmin sürücü ilə bağlı AYNA ölçü götürüb artıq. Burada məsələ sürücünün səhlənkarlığı, məsuliyyətsizliyidir. İctimai nəqliyyat idarə edən sürücü ikiqat artıq diqqətli, məsuliyyətli olmalıdır. Yüzlərlə insanın taleyinə cavabdehlik daşıyır sürücü. Ümumiyyətlə, istər fərdi avtomobil sürücüsü olsun, istərsə də, ictimai nəqliyyat sürücüsü, hər birindən xüsusi diqqət, fikrin cəmlənməsi tələb olunur. Mobil telefondan istifadə firki yayındırır və qəza təhlükəsi artır. Bəzən sürücünün yaxınlığnda kimsə dayanır, söhbət edirlər, bu da fikri yayındıran haldır. İctimai nəqliyyat sürücüsü sərnişin daşıyır, diqqəti, fikri yayınmamalıdır. Fərdi nəqliyyat vasitələrinin sürücüləri də həmçinin, çünki diqqətin ani yayınması, dəhşətli qəzalara səbəb ola bilər.