Türk Ağsaqqallar Birliyinin məqsədi türk həmrəyliyinə nail olmaqdır
2021-ci il sentyabrın 15-də təsis edilən Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) aktiv fəaliyyət göstərməkdədir. Sıralarında tanınmış simaların, fəal ictimaiyyət nümayəndələrinin yer aldığı qurum türk birliyinə dəstək məqsədilə yaradılmış qeyri-hökumət təşkilatıdır. Birliyin rəsmi orqanı isə “Türk dünyası ağsaqqalları” qəzetidir. Yaranmasından qısa vaxt keçsə də, qurumun təşəbbüsü ilə həm ölkə daxilində, həm də xaricdə bir sıra tədbirlər və görüşlər keçirilib. Əsas fəaliyyəti əhalisi türkdilli olan dövlətlərin ərazisini əhatə edir.
TAİB-in yaradılması və fəaliyyət istiqaməti barədə “Şərq”ə məlumat verən Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, qurum türk dünyasına və həmrəyliyinə töhfə vermək məqsədi ilə yaranıb. Ekspert bildirib ki, Birliyin təsisçisi “Türk Dünyası Ağsaqqaları” qəzetinin baş redaktoru, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovdur:
“Birliyin İdarə heyətini seçmək üçün tanınmış professor Sudeif İmamverdiyevin sədrliyi ilə təşkilat komitəsi yaranıb.
Təşkilat Komitəsində türk dünyasının tanınmış şəxsləri də təmsil olunurlar. Birliyin əsas məqsədi ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi və türk ağsaqqallarının birliyinə nail olmaqdan ibarətdir. Birlik yarandığı qısa müddət ərzində türk dünyasında böyük səs yaradıb. Fəaliyyəti haqqında qardaş Türkiyə, Quzey Kıbrıs və Özbəkistanın mətbuat orqanlarından çoxsaylı məqalə və xəbərlər yayımlanıb. Birliyin rəsmi səhifəsində fəaliyyətimiz haqqında və öz şəxsi sosial şəbəkə hesablarımızda da ətraflı məlumatlar verilir. Noyabrın 4-də YAP Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin təşkilatçılığı ilə “Hilton” otelində Zəfər Gününün ildönümü münasibətilə izdihamlı tədbir keçirilib.
Noyabrın 10-da birliyin aparat rəhbəri, Missiya Media Qrupunun baş direktoru Nicat Dağların Moldovada Qaqauziya Muxtariyyatında səmərəli görüşləri oldu. Qaqauziyanın rəsmi telekanalı olan GRT-də, Muxtariyyatın Xarici İşlər İdarəsində və Ağsaqqallar Şurasında səmərəli görüşlər keçirdik. Görüşlərdən sonra birliyin Qaqauziyaya əlaqələri daha da gücləndi”.
E.Eltürk əlavə edib ki, 9-10 dekabr tarixlərində İğdırda Türk Ağsaqqalları Birliyinin (TAİB) əsas təşkilatçılığı, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Aralıq Bələdiyyəsinin, İğdır Azərbaycan Evi Dərnəyinin və digər qurumların dəstəyi ilə “Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib:
“Tədbirdə tanınmış şəxslər, millət vəkillərimiz iştirak etdi. Qardaş Türkiyə mediası iki tədbirimizi geniş şəkildə işıqlandırdı. Eyni zamanda, İğdır valisi və yerli ictimai-siyasi təşkilatlarla intensiv görüşlərimiz baş tutdu. Qarşıda başqa tədbirlərimizin keçirilməsi də planlaşdırılır. Bu haqda mətbuatda məlumat veriləcək”.