İordaniyalı yazıçı ərəb mətbuatında Nizami Gəncəvi haqqında məqalə ilə çıxış edib

İordaniyalı yazıçı, “Ərəb aləmində ən yaxşı hekayənin müəllifi” mükafatı laureatı Tarik Kadis “Əl Ənbat”, “Şaab”, “Əl Hərir” portallarında “Nizami Gəncəvi haqqında nə bilirik?” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində keçirilmiş tədbirlərin ərəb ölkələrinin ictimaiyyəti, ilk növbədə, gənclər arasında dahi şair və mütəfəkkirin tanıdılması baxımından əhəmiyyəti vurğulanıb. Müəllif qeyd edir ki, dərin poetik və fəlsəfi fikir yükü olan Nizami əsərlərinin bir çoxunun mənbəyi ərəb hekayələri və əfsanələrindən gəlir. O, buna misal olaraq, dahi şairin “Leyli və Məcnun” və İsgəndərnamə” poemalarını göstərib.

Yazıda ingilis şərqşünası Edvard Braunun Nizami Gəncəvinin yaradıcılığı haqqında sözləri sitat gətirilib. Müəllif, həmçinin görkəmli ərəb tədqiqatçı-alimi Əbdel Naim Məhəmməd Həsəneynin dahi şairin zəngin irsi barədə 1954-cü ildə çapdan çıxmış kitabını da qeyd edib.

Məqalənin sonunda diqqətə çatdırılıb ki, 2015-ci ildə Misirin İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvinin büstü qoyulub.