İsrail İranı bombardman edir: Ermənistan da hazır olmalıdır
İrandakı hərbi obyektlərin və İslam Respublikasının müdafiə sənayesinin nişangaha gətirilməsi üçün kifayət qədər səbəblər tapmaq olar.
Şübələr yoxdur ki, İrandakı hədəflərin dəqiq zərbələrlə məhv edilməsi və ya Tehranın hərbi arsenalının zəif duruma salınması əməliyyatının ideya müəllifi və əsas icraçısı İsraildir.
ABŞ isə əməliyyatlarda əlinin olduğunu inkar etməyə üstünlük verir. Hərçənd ki, həm Vaşinqtonun hərbi müdaxilə ssenarisinin həmmüəllifi olmasına, həm də İsrailin praktiki güc tətbiqinə köməkçi funksiyalarla qatılması fikri həqiqət kimi səslənə bilər.
Buna görə də, ilk olaraq İsrailin İrana aviazərbələrinə ABŞ-nin maraqları kontekstində nəzər salmaq lazımdır.
Yayılan məlumatlara əsasən, İranın müdafiə sənayesi böyük zərbə altında qalıb, bu, İsraillə yanaşı ABŞ-nin də hədsiz maraq çərçivələrinə daxildir.
Çünki İran Ukraynadakı müharibədə təkqütblü dünya nizamı yaratmaq istəyən Rusiyanı dronlarla qidalandıraraq perspektiv xəritələrdə özünə qazanclı yer seçmək niyyətindədir.
NATO İran dronlarını Ukrayna cəbhəsində Rusiyanın xeyrinə dönüş nöqtəsi kimi xarakterizə etdiyindən, Tehran-Moskva hərbi arteriyasına həlledici zərbədə maraqlıdır.
Buna görə də, İsrailin dron istehsal edən zavodlarının hədəf alınması Ağ Evin arzusudur.
Ancaq İsrail bunu Rusiya ilə isti münasibətlərə xələl gətirmək prinsipi ilə etmir, ona görə də, Təl-Əviv indi Moskvanı öz strateji təhlükəsizlik çərçivələrinə inandırmalıdır.
ABŞ-ni qayğılandıran ikinci amil İranın balansında olan qırıcılarıdır. İran hələ şah rejimini zamanı ABŞ-dən aldığı “F-14 Tomcat” qırıcılarını İsfahandakı hərbi bazada saxlayır və onları təkmilləşdirdiyini bəyan edir.
İsfahanda güclü aviazərbələr fonunda belə təəssürat yarana bilər ki, ABŞ-nin məqsədi həmin bazanı məhv etmək olub, hərçənd ki, buna dair tutarlı bir mənbədə məlumatlar yoxdur.
ABŞ-nin İsrailə İranı vurmağa razılıq verməsi ən azından yuxarıda dediyimiz iki səbəbə əsaslana bilər.
Üçüncü səbəb isə daha qlobaldır, həm ABŞ, həm də İsrail İranın nüvə silahı əldə etmək potensialını və bunu müşayiət edən ballistik raket proqramını ən azından minimallaşdırmaq istəyir.
Bununla belə, İsraillə ABŞ-nin İranı bombalamaq mövzusunda fikir ayrılıqlarının həll olunduğunu söyləmək olmaz.
Birinci, ABŞ hələ nüvə obyektlərinə zərbə üçün şəraitin yetişmədiyi qənaətindədir.
İkinci, İsraildə İranın obyektlərinin yerləşdiyi yerlərin altındakı bərkimiş nüvə obyektinə nüfuz edə biləcək qırıcıları yoxdur.
Həmin obyektləri kökündən sarsıda biləcək silah ABŞ-nin “F-15EX” qırıcılarıdır, lakin Vaşinqton onu İsrailə ixrac etməkdə xəsis davranır.
İrana intensiv hücumlar fonunda ABŞ-nin xəsisliyə son qoya biləcəyi versiyası güclənir. Bu baxımdan İsrail “F-15EX” qırıcılarına yiyələnə bilsə, nüvə reaktorlarına daha sarsıdıcı və həlledici zərbələri planlaşdıracaq.
Ümumilikdə İsrail İranın nüvə arsenalına malik olmasını dayandırmaq üçün ABŞ-nin razılığı və ya razılığı olmadan lazım olan hər şeyi edəcək.
İsrailin baş naziri Benyamin Netanyahunun İrana qarşı dəqiq, sürətli və güclü zərbələrin olacağını bəyan etməsi hərbi eskalasiyanın strateji miqyasları barədə narahatlıqlar formalaşdırır.
Strateji ölçülər İsrail-İran ikitərəfli düşmən münasibətlərinin sərhədlərini aşaraq nəhəng geosiyasi coğrafiyaya sıçraya bilər.
Həmin regionları aşağıdakı kimi təsnifatlandırmaq olar:
1. Suriya oxunda münaqişənin alovlanması,
2. Yəməndəki konfliktin dərinləşməsi və İranın çətiri altındakı husilərin Səudiyyə Ərəbistanını atəşə tutmaq risklərinin çoxalması,
3. İraqda mübarizənin şiddətlənməsi,
4. Livandakı “Hizbullah”ın İranın proksi qüvvəsi kimi İsrailin hava zərbələrinə müxtəlif ölkələrdə təxribatlarla cavab verməsi,
5. Türkiyədə İranla İsrail kəşfiyyatı arasındakı mübarizədə yeni səhifə açılması,
6. Cənubi Qafqaza təsirlər.
Bunlar hamısı bir-birilə əlaqəli şəkildə inkişaf etmək qabiliyyətindədir.
Cənubi Qafqaz İsrail-İran mümkün müharibəsi fonunda qlobal alovlanmanın yeni nöqtəsi kimi ortaya çıxa bilər.
İrana aviazərbələrdən sonra molla rejimində bu fikir güclənəcək ki, İsraillə Azərbaycanın hərbi əlaqələri yeni fazaya daxil olub və o səviyyəyə çatıb.
Elə ya da belə, İran öz şimal sərhədlərində dərinləşən İsrail və Türkiyənin maraqlarının izi ilə oyanır və itkisini Ermənistana sərmayə qoymaqla bərpa etməyi hədəfləyir. Bu, növbəti təxribatların anonsu kimi şərh edilə bilər.
Açıq demək lazımdırsa, İranın Ermənistanı qucağında oturtması İsrail üçün məqbul sayılmır, çünki Təl-Əviv bunu, bir-birini bacılar elan edən Tehran-İrəvan müttəfiqliyi kimi qavrayır.
Belə olan tərzdə, Azərbaycan-Türkiyə-İsrail üçbucağında İranla yanaşı, Ermənistana da yerini göstərmək aktuallıq kəsb edir.
İran yəqin ki, son zamanlar Naxçıvan kartı ilə prosesi qırmaq istədi, lakin Azərbaycanda olan kəşfiyyat məlumatları əsasında görülən preventiv tədbirlər Tehranın planını iflasa uğratdı.
İrana vurulan zərbələr Ermənistanı da hədəfə gətirmək imkanına malikdir. Amma burada qırmızı xətləri müəyyən etmək üçün İsrail Rusiya ilə razılıq əldə etməyin vacibliyini anlayır.
Ermənistan amilini sıradan bir versiya kimi səsləndirmirik, hələ 2022-ci ilin iyulunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Uilyam Börnsün, dekabrda isə Böyük Britaniyanın ali kəşfiyyat qurumu MI6-nın rəisi Riçard Mur İrəvanda səfərdə olmuşdu.
Bu səfərlər məhz bugünün panoramasındakı qıfılları aça bilən açarlardır və gələcəkdə İrəvanı hansı təhlükələr gözlədiyinin müjdəsidir...
Aqşin Kərimov,
Siyasi şərhçi