Komando hərbi hissələrinin sayı artırılacaq! - Quru qoşunlar ləğv edilir?

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işləri açıqlayıb.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birlik yaradılıb.

A.Eyvazov deyib ki, azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb: 

"Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir".

"Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib", - A.Eyvazov vurğulayıb.

Komandoların Türkiyədəki təlimləri ilə bağlı “Sherg.az”a danışan ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, gələcəkdə də Azərbaycan ordusunun komando hərbi hissələrinin sayını artırmağa davam edəcək:

“Hazırda Ordumuzda ən azı 3 komando hərbi hissəsi yaradılıb və onlar yeni inşa edilən hərbi şəhərciklərdə yerləşdirilib. Bu komando hərbi hissələrinin həyat və fəaliyyətini təmin etmək üçün bütün infrastruktur yenidən inşa edilib. Komando hərbi hissələrin sayının artması ilə Quru Qoşunlarının sayında müəyyən qədər azalma müşahidə edilə bilər. Lakin bu Quru Qoşunlarının ləğv edilməsi anlamına gəlməməlidir”.

Hərbi ekspert Azərbaycanla Türkiyə arasında kifayət qədər geniş hərbi əməkdaşlıqların mövcud olduğunu vurğulayıb:
“ “Şuşa” bəyannaməsi də Azərbaycan hərbçilərinin Türkiyədə hazırlanması üçün daha münbit şərait yaradıb. Azərbaycan ordusunda həyata keçirilən digər fəaliyyətlər də Azərbaycan Ordusu ilə Türkiyə Ordusu arasında hərbi sahədə sinxronlaşdırmanı təmin etmək məqsədi daşıyır”.

 Ə.Verdiyev qeyd edib ki, istənilən halda komanda hərbi hissələrinin yaradılması müsbət haldır:

 “Bu Azərbaycan Ordusunun müdafiə qabiliyyətinin yüksəldilməsinə yönələn bir addımdır. Digər bir tərəfdən isə yaradılan yeni komando hərbi hissələri Xüsusi Təyinatlı Qüvvələr üçün kadr bazası rolunu da oynayacaq”.

Çimnaz ŞAHLAR