Ekspert açıqladı: Nizami, Sahil, Xətai və Həzi Aslanov stansiyalarına yenilik gəlir - sərnişinlər hazır olsun!
Bakıda yeni tikiləcək metro stansiyalarının yerləri müəyyən edilib. Bu barədə Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev bildirib. Stansiyalar bu ərazilərdə yerləşəcək: "Şərti adı "B-4" olan stansiyadan sonrakı "B-5" stansiyası metronun "Nizami" stansiyasının yaxınlığında - "Nizami Mall" ticarət mərkəzinin arxasında, Mərkəzi parkın ərazisində olacaq. Ondan sonrakı, "bənövşəyi xətt"in altıncı stansiyası olan "B-6a" stansiyası Sahil bağının altında yerləşəcək. "B-6b" stansiyası isə "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş vaqon parkının yerində inşa ediləcək. "B-7" stansiyası metronun "Xətai" stansiyasına yaxın ərazidə, "B-8" isə Ağ şəhərin Babək prospektinə çıxış hissəsində olacaq". M.Rzayev metronun "yaşıl xətti" üzrə inşa ediləcək yeni stansiyaların da yerləri barədə məlumat verib. O bildirib ki, "yaşıl xətt" üzrə inşa edilməsi nəzərdə tutulan "Y-14" stansiyası Ağ şəhər tərəfdə 8 Noyabr prospektində olacaq. "Y-15" "Neftbaza" adlandırılan ərazidə, "Y-16" stansiyası paytaxtın "Nargilə" dairəsi adlandırılan ərazidə, "Y-17" stansiyası isə "Həzi Aslanov-2" metro stansiyasıdır".
İnşaat mühəndisi Azər Axundov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, metronun yeni stansiyalarının yeri vətəndaşlarda çaşqınlıq yarada bilər. Əslində, məlumat keçid stansiyaları barədədir:
- Metronun 2030-cu ilə kimi tikilməsi nəzərdə tutulan 10 stansiyasının yerləri bir çox insanda təəccüb yaradır ki, niyə mövcud stansiyalar olan yerdə daha biri tikiləcək və yan-yana ikinci stansiya nə üçün lazımdır? Buna səbəb həmin stansiyaların keçid stansiyaları olmasıdır. Keçid stansiyaları metronun bir xəttindən digər xəttinə keçmək üçün lazım olan stansiyalardır. Bu stansiyalar xətlərin bir-birinin yanından keçdiyi hissələrdə tikilir və tamamilə ayrı stansiyalardır. Bakı metropolitenində hazırda 4 keçid stansiyası var. Bunlardan ikisi “Memar Əcəmi”də “bənövşəyi” və “yaşıl xətt”lər arası keçid üçün olan stansiyalardır. Digər ikisi isə “qırmızı” və “yaşıl xətt”lər arası keçid etmək üçün olan “28 May” və “Cəfər Cabbarlı” stansiyalarıdır. Yeni plana əsasən B5 stansiyası “Nizami” stansiyasına (bənövşəyi və yaşıl xətlər arası keçid), B6A stansiyası “Sahil” stansiyasına (bənövşəyi və qırmızı xətlər arası keçid), B7 stansiyası “Xətai” (bənövşəyi və yaşıl xətlər arası keçid), Y17 stansiyası isə “Həzi Aslanov”a (yaşıl və qırmızı xətlər arası keçid) keçid olaraq tikiləcək. Bu stansiyalarn tikintisinin Plana əsasən 2030-cu ilədək başa çatması nəzərdə tutulur. Və bu stansiyalar sərnişinlərin bir xəttdən digərinə rahat keçidi üçün və sıxlığın aradan qaldırılmasına hesablanıb.