Rəşad Rza: “İran ordusunun içində başqa dövlətlərə işləyən qüvvələr də ola bilər”
İranın Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə hücum etdiyi barədə məlumatların yayılması regionda onsuz da gərgin olan vəziyyəti daha da diqqət mərkəzinə gətirib. Hadisədən dərhal sonra Azərbaycan rəhbərliyi təhlükəsizlik məsələlərini müzakirə etmək üçün operativ addımlar atıb.
Belə ki, Prezident İlham Əliyev yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb və ölkənin təhlükəsizliyi ilə bağlı mühüm mesajlar verib. Dövlət başçısı çıxışında Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə yönələn hər hansı təhdidə qətiyyətlə cavab veriləcəyini vurğulayıb. Regionda artan gərginlik və mümkün risklər fonunda rəsmi Bakının mövqeyi, eləcə də atılacaq növbəti addımlar xüsusi diqqət doğurur.
Qeyd edək ki, dövlət başçısının göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirilməsi, eyni zamanda İranla sərhədlərin bağlanması Bakının təhlükəsizlik məsələlərində operativ və qətiyyətli qərarlar qəbul etdiyini göstərir. Bu addımların ardınca Tehran tərəfinin daha ehtiyatlı mövqe nümayiş etdirməsi və insidentin araşdırılacağı ilə bağlı açıqlamalar verməsi diqqət çəkir.
Milli Təhlükəsizlik mütəxəssisi Rəşad Rza "Sherg.az"a söyləyib ki, regionda savaş gedir və qonşu dövlət olaraq biz də tam hazırlıqlı vəziyyətdə olmalıyıq:
“Müharibə gedirsə, bizə raket də atıla bilər, müxtəlif təhlükələr də yarana bilər. Bu, müharibə şəraitidir. Ona də istər canlı qüvvə, istərsə də texniki baxımdan bütün imkanlarımız hazır olmalıdır. Digər tərəfdən, burada siyasi baxış məsələsi də var. Siyasi müstəvidə nəzərə almaq lazımdır ki, hələlik dronun İran tərəfindən göndərildiyi tam dəqiqləşdirilməyib. Yəni belə bir ehtimal var, amma bu, hələ sübut olunmayıb”
Ekspert qeyd edib ki, Türkiyə də prosesə biganə deyil:
“ Naxçıvanla bağlı hər hansı hadisə baş verdikd Türkiyə məsələyə həssas yanaşır və Azərbaycanın yanında olduğunu göstərir. Hətta Azərbaycana qarşı hər hansı addım olarsa, buna cavab veriləcəyi ilə bağlı mesaj verilir”.
Mütəxəssisin sözlərinə görə, hadisə üçüncü qüvvələrin təxribatı ola bilər:
“Çünki Azərbaycan regionda Türkiyə ilə birlikdə müəyyən güc balansı yaradır və bu, bəzi dairələrin maraqlarına uyğun olmaya bilər. Ona görə də məsələ tam araşdırılmadan və bütün faktlar dəqiqləşdirilmədən tələsik şəkildə “bunu İran edib” kimi qəti bəyanatlar vermək düzgün olmaz. Hətta hİran ordusunun daxilində fəaliyyət göstərən və başqa dövlətlərə işləyən müəyyən qüvvələr tərəfindən həyata keçirilmiş də ola bilər. Bu səbəbdən vəziyyət tam aydınlaşana qədər ehtiyatlı mövqe tutulmalı və hazırlıq vəziyyəti qorunmalıdır. Çünki müharibə şəraitində bu proseslərin zərəri bizə də toxuna bilər. Ona görə də tam hazırlıqlı vəziyyətdə olmaq vacibdir”.