Emre Diner: “Trampın müharibənin seçkilərdən sonra bitəcəyi açıqlaması sülh təminatı deyil”
"İranın zəifləməsi Vaşinqtonun şərtlərini qəbul edəcəyi anlamına gəlmir”
ABŞ Prezidenti Donald Trampın İranla müharibənin noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra başa çata biləcəyinə dair açıqlaması münaqişənin gələcək gedişi ilə bağlı yeni müzakirələrə səbəb olub. Bu açıqlama fonunda Vaşinqtonun və Tehranın mövqeləri, seçkilərin müharibənin gedişinə mümkün təsiri və tərəflər arasında danışıqlar perspektivi diqqət mərkəzindədir.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın müharibənin noyabrın 3-dən sonra başa çatacağını deməsini Amerika seçki təqvimi üzərindən qiymətləndirmək lazımdır:

"Trampın bu mühüm açıqlaması ilə bağlı üç əsas hesablaması var. Bunların başında İranın seçkilərə qədər müqavimət göstərərək respublikaçılara siyasi xərc yükləmək istədiyi düşüncəsidir. Digər səbəblər isə iqtisadi təzyiqin Tehrana güzəştə getməyə məcbur edəcəyi gözləntisi və Amerika seçicisinə müharibənin müvəqqəti olduğu mesajının verilməsi dayanır. Lakin bunlar razılaşdırılmış bir sülh təqviminin mövcud olduğunu göstərmir. Trampın hesablaması belədir: “İran seçkilərin nəticələrinə təsir etmək üçün müqavimət göstərir. Seçkilər başa çatdıqdan sonra gözləməyin mənası qalmayacaq. İran razılaşmaya yaxınlaşacaq”. Lakin bu yanaşmanın zəif tərəfi İranın iqtisadi baxımdan zəifləməsi ilə Vaşinqtonun şərtlərini qəbul etməsini eyni şey kimi qiymətləndirməsidir. Əgər bir hökumət qarşısına qoyulan razılaşmanı öz təhlükəsizliyi baxımından daha təhlükəli hesab edirsə, ağır xərclərə baxmayaraq müqavimət göstərməyə davam edə bilər".
Analitik qeyd edib ki, burada seçkilərin Tramp üçün yaratdığı məhdudiyyəti də nəzərə almaq lazımdır:
"Seçkilərdən əvvəl genişmiqyaslı eskalasiyanın enerji qiymətləri və seçici davranışı üzərində yarada biləcəyi xərc var. Seçkilərdən sonra bu təzyiqin azalması Trampa danışıqlar üçün daha geniş manevr imkanları yarada bilər. Eyni manevr imkanından hərbi təzyiqi artırmaq üçün də istifadə edə bilər. Buna görə də “seçkilərdən sonra başa çatacaq” ifadəsini qəti sülh təminatı kimi qiymətləndirə bilmərik. Mənim ən real hesab etdiyim ssenari hərtərəfli sülhdən əvvəl məhdud razılaşma axtarışıdır. Hücumların azaldılması, dəniz ticarətinin təhlükəsizliyi və müəyyən iqtisadi güzəştlər əsasında bir tənzimləmə gündəmə gələ bilər. Tramp belə bir nəticəni siyasi qələbə kimi təqdim edər. Tehran da bunu bütün təzyiqlərə baxmayaraq ayaqda qalmasının göstəricisi kimi qələmə verər".
Mütəxəssis vurğulayıb ki, nüvə məsələsi və regional təhlükəsizliklə bağlı fikir ayrılıqları davam edərsə, bu tənzimləmə kövrək olaraq qalacaq:
"Bu səbəbdən tarixdən çox üç göstəriciyə diqqət yetirərdim: işlək bir danışıqlar kanalı varmı, tərəflərin qəbul edə biləcəyi qarşılıqlı güzəştlər formalaşıbmı və ərazidə hücumlar azalırmı? Bunları görmədən müharibənin başa çatacağına tarix qoymaq tezdir. Nəticə etibarilə, noyabrın 3-ü müharibənin taleyinə təsir göstərə bilər, lakin onun başa çatacağına zəmanət vermir. Həlledici olan Vaşinqtonla Tehranın hansı şərtlər altında dayanmağı müharibəni davam etdirməkdən daha sərfəli hesab edəcəyidir".