Yeni Zelandiya Kanada rəhbərliyi ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq təklifini qəbul etməyib.
Teleqraf RNZ radiosuna istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, müdafiə sənayesi üçün bazar imkanlarını genişləndirən tədbirlər xüsusi müdafiə maliyyələşdirmə mexanizminin yaradılmasından daha səmərəli hesab olunur.
“Mövcud məlumatlar göstərir ki, müdafiə sənayesi xüsusi maliyyələşdirmə mexanizminin yaradılmasından daha çox bazar imkanlarını yaxşılaşdıran tədbirlərdən faydalana bilər”, – açıqlamada qeyd olunub.
Yeni Zelandiya XİN-in hesablamalarına görə, ölkənin DSRB-yə qoşulacağı təqdirdə ilkin ödənişi təxminən 56 milyon dollar təşkil edəcəkdi. Sonrakı mərhələdə isə xərclərin daha da arta biləcəyi bildirilir.
Yeni Zelandiyanın qərarı avqustun sonunda Kanada tərəfinə çatdırılıb. Yeni Zelandiya NATO-nun üzvü deyil.
Bundan əvvəl Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukrayna DSRB-nin yaradılmasında iştirak etməyə hazır olduqlarını açıqlayıblar.
Maliyyə konsorsiumunun baş qərargahının Monrealda yerləşməsi nəzərdə tutulur. Bankın yaradılmasında məqsəd hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollaradək vəsait cəlb etməkdir.