İstanbulun Sarıyer rayonunda axtarılan dişi aslanla bağlı mütəxəssislər vətəndaşlara xəbərdarlıq ediblər.
Sherg.az xəbər verir ki, İstanbul Baytar Həkimlər Palatasının sədri Ahmet Yavuz Karaca bildirib ki, vətəndaşlar aslanı axtarmağa və görüntüsünü çəkməyə çalışmamalıdır.
Aslanla qarşılaşdıqda qaçmaq olmaz. Sürətli hərəkət heyvanın insanı ov və ya təhlükə kimi qəbul etməsinə və hücum etməsinə səbəb olar. Sakit qalmaq, yavaş-yavaş və görünmədən ərazidən uzaqlaşmaq və dərhal səlahiyyətli qurumlara xəbər vermək lazımdır.
Mütəxəssisin sözlərinə görə, aslan əvvəllər insan tərəfindən bəslənmiş ola bilər. Lakin bu, onun təhlükəsiz və evcil olduğu anlamına gəlmir. Ac qalması və ya özünü təhlükədə hiss etməsi hücum riskini artırır.
Səlahiyyətli qurumların məqsədi aslanı sağ ələ keçirmək, daha sonra baytarlıq müayinəsindən keçirərək reabilitasiya mərkəzinə və ya zooparka aparmaqdır.