Son xəbərlər

Rusiya TRIPP layihəsini pozmaq üçün İran amilindən istifadə edir - ŞƏRH

  • Hazırkı vəziyyətdə İrandan bundan daha ciddi addımlar gözləməyə dəyməz.

“İran sərhədlərinin yaxınlığında istənilən xarici hərbi və təhlükəsizlik qüvvələrinin mövcudluğu qəbuledilməzdir və Ermənistan tərəfi bununla bağlı Tehrana lazımi təminatlar verib”.

Bunu brifinqdə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib. O, “Tramp marşrutu”nun yaradılması ehtimalını şərh edərkən bildirib ki, İran sərhədlərinin yaxınlığında istənilən hərbi və ya təhlükəsizlik qüvvəsinin mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Ermənistan tərəfi bizə lazımi təminatlar verib.

Bəqayinin sözlərinə görə, İranın Ermənistanla münasibətləri çox yaxşıdır və iki ölkə arasında qarşılıqlı etimad formalaşıb: “Bununla belə, Tehran üçüncü tərəflərə etibar etmir və hadisələrin inkişafını diqqətlə izləyəcək”.

İsmayıl Bəqayi noyabrın 9-da da bəyan etmişdi ki, İrəvan Tehrana sərhədyanı bölgədən keçəcək “Tramp marşrutu”nun sərhədlərin dəyişdirilməsinə səbəb olmayacağına və həmin ərazidə ABŞ hərbçilərinin yerləşdirilməyəcəyinə dair təminat verib.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Sherg.az-a açıqlamasında bildirib ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin bu açıqlaması birbaşa İranın təhlükəsizlik maraqları ilə bağlıdır:

“İran bu məsələni indi deyil, hər zaman xüsusi olaraq vurğulayıb. Bəqayi açıq şəkildə bildirir ki, Ermənistan rəhbərliyi təhlükəsizliklə bağlı Tehrana konkret təminatlar verib. Həmin təminatlara görə, ABŞ-ın heç bir hərbi qulluqçusu və ya kəşfiyyat nümayəndəsi sərhəd bölgəsində mövcud olmayacaq, eyni zamanda, hər hansı geosiyasi dəyişikliyə yol verilməyəcək. Ermənistan rəhbərliyi bu məsələdə İrana açıq təminat verib.

Ancaq bununla yanaşı, Rusiyanın ortalığa atdığı müəyyən bir fitnə də var. Rusiya mediasında, eləcə də dövlət rəsmiləri və siyasi şərhçilər səviyyəsində bu məsələ mütəmadi olaraq qabardılır. Maraqlıdır ki, Nikol Paşinyan və Donald Trampın TRIPP layihəsinin artıq praktiki mərhələyə keçdiyini və icrasına başlanıldığını bəyan etməsindən sonra bu istiqamətdə ciddi reaksiyaların şahidi oluruq.

Məsələn, Rusiyanın sovet təfəkkürünün qalığı olan “İzvestiya” qəzetində Moskva Dövlət Linqvistika Universitetinin dosenti Sidorovun TRIPP layihəsi ilə bağlı bir səhifəlik məqaləsi dərc olunub. Həmin yazıda irəli sürülən əsas iddia ondan ibarətdir ki, guya ABŞ-ın bu 42-43 kilometrlik ərazidə hərbi mövcudluğu olacaq. Başqa sözlə, amerikalı hərbçilərin və ya kəşfiyyat nümayəndələrinin sərhəd bölgəsində yerləşdiriləcəyi, burada müşahidə və nəzarət həyata keçirəcəyi iddia olunur.

Əslində, bu, Rusiyadan qaynaqlanan məqsədli təxribatdır. Moskva bu yolla İranın təhlükəsizlik narahatlıqlarından istifadə edərək prosesə mane olmağa çalışır. Çünki Rusiya layihədə iştirak etmək istəyini nə qədər açıq şəkildə ifadə etsə də, bunun real olmadığını gördükdə İran amilindən yararlanmağa çalışır. Başqa sözlə, Tehranın təhlükəsizliklə bağlı narahatlıqlarını qızışdıraraq İranı prosesə qarşı təhrik etmək, regionda gərginlik yaratmaq və nəticədə TRIPP layihəsinin həyata keçirilməsini ləngitmək istəyir”.

Politoloq qeyd edib ki, Bəqayinin bugünkü açıqlamasının Nikol Paşinyan və Donald Trampın TRIPP layihəsinin praktiki mərhələyə keçdiyini bəyan etməsi ilə eyni vaxta təsadüf etməsi diqqətçəkəndir:

“Bəqayinin bu gün verdiyi reaksiya və açıqlama məhz Nikol Paşinyan və Donald Trampın TRIPP layihəsinin praktiki mərhələyə keçdiyini bəyan etməsi ilə üst-üstə düşür. Eyni gündə Rusiyanın universitetlərindən birinin dosenti Sidorovun bu layihə ilə bağlı bir səhifəlik yazısı dərc olunur. Həmin yazını oxuyanda aydın olur ki, burada söhbət sadəcə Sidorovun şəxsi fikirlərindən getmir. Əslində, bunlar Kremldən ona ötürülmüş konkret tezislərdir. Məqsəd isə dolayısı ilə regionda vəziyyəti mümkün qədər qarışdırmaqdır.

Bəqayinin açıqlamasına diqqət yetirsək, görərik ki, o, İranın regionda nəqliyyat kommunikasiyalarının açılmasını dəstəklədiyini bəyan edir. Çünki bu nəqliyyat-kommunikasiya sistemi İranın da maraqlarına xidmət edir. Bununla İran, əslində, layihənin özünə qarşı olmadığını göstərir. Sadəcə, təhlükəsizliklə bağlı narahatlıqlarını ön plana çəkir və Ermənistanın verdiyi təminatlara əməl etməli olduğunu xatırladır. Digər tərəfdən, İran bütün bu təminatlara baxmayaraq, öz kəşfiyyat müşahidələrini davam etdirəcəyini bildirir. Məqsəd ABŞ hərbçilərinin və ya hər hansı üçüncü dövlətin hərbi qüvvələrinin İran sərhədi yaxınlığında mövcudluğunun qarşısını almaqdır. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir”.

Natiq Miri bildirib ki, Bəqayinin açıqlamasında Ermənistana təzyiq elementləri də müəyyən qədər özünü göstərir. Lakin bu, yeni bəyanat deyil, Ermənistan rəhbərliyinə mütəmadi ünvanlanan təhlükəsizlik xəbərdarlığıdır:

“İran təhlükəsizliklə bağlı mövqeyini mütəmadi şəkildə təkrarlayır və bununla Ermənistan rəhbərliyinə xatırladır ki, böyük yanlışlığa yol verərək ABŞ hərbçilərinin və ya kəşfiyyat nümayəndələrinin İran sərhədləri yaxınlığında mövcudluğuna imkan verməsin. Yəni bu, qabaqlayıcı xarakter daşıyan xəbərdarlıq və xatırlatmadır. Tehran istəyir ki, Ermənistan rəhbərliyi bu məsələnin İran üçün nə qədər həssas təhlükəsizlik problemi olduğunu düzgün dərk etsin.

Hazırkı vəziyyətdə İrandan bundan daha ciddi addımlar gözləməyə dəyməz. Rusiya nə qədər təxribatçı mövqe sərgiləməyə çalışsa da, İran Moskvanın niyyətlərindən xəbərsiz deyil. Çünki Rusiya artıq bu prosesdə iştirak imkanlarını, demək olar ki, tamamilə itirib. Eyni zamanda, Azərbaycan-Ermənistan danışıqlarında da iştirak etmir. Məhz buna görə Rusiyanın mediasında və müxtəlif səviyyələrdə bu məsələ mütəmadi olaraq gündəmə gətirilir. İran da mövcud vəziyyəti anlayır və Rusiyanın hansı məqsədlər güddüyünü görür. Bununla belə, Tehran özünün qardaş və strateji tərəfdaş hesab etdiyi Ermənistanı heç bir vəchlə itirmək istəmir. Ona görə də İranın mövqeyi daha çox bundan ibarətdir ki, proses biznes və şirkətlər səviyyəsində, mülki xarakter daşımaqla davam etsin. Beləliklə, nə İranın maraqlarına zərər dəysin, nə də Ermənistanla münasibətlər korlansın”.