Son xəbərlər

Boynunda oxla 7 min kilometr uçdu: 200 il sonra İstanbulda yenidən “ox leyləyi” göründü

Boynuna 75 santimetr uzunluğunda ox saplanmış leylək 200 il əvvəl Afrikadan Almaniyaya qədər təxminən 7 min kilometr uçaraq quşların köç etməsi ilə bağlı elmi sirrin açılmasına səbəb olub.

Sherg.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri yazıb.

1821-ci ilin sonu - 1822-ci ilin əvvəlində Mərkəzi Afrikada ovçu tərəfindən vurulan leylək boynundakı oxla uçuşunu davam etdirərək Almaniyanın Klütz şəhəri yaxınlığına qədər gəlib. “Ox leyləyi” (Pfeilstorch) adlandırılan quş 21 may 1822-ci ildə bir ovçu tərəfindən vurularaq öldürülüb. Onun boynundakı oxun Afrika qəbilələrinə məxsus olduğu müəyyənləşdirilib. Bu, leyləklərin qışda ölmədiyini, isti ölkələrə köç etdiyini sübut edən ilk elmi dəlillərdən biri olub.

Həmin dövrdə Avropada geniş yayılmış fikirə görə, leyləklər qışda ya ölür, ya da qış yuxusuna gedirdi. Afrikadan çıxan oxun üzərindəki izlər isə quşun başqa qitədə yaşadığını və minlərlə kilometr məsafə qət etdiyini üzə çıxarıb.

Nəşrin yazdığına görə, köçəri quşların uzun məsafələrə uçmasına onların qanad quruluşu, güclü döş əzələləri və uçuşdan əvvəl intensiv qidalanaraq bədənlərində enerji ehtiyatı toplaması imkan verir. Bəzi quş növləri köç öncəsi bədən çəkilərini təxminən iki dəfə artıra bilir.

Maraqlıdır ki, 200 il sonra, 2022-ci ildə İstanbulun Çekmeköy rayonunda da boynuna ox sancılmış leylək barədə məlumat yayılıb. Quşu tutmağa çalışan zaman o, uçaraq gözdən itib. Mütəxəssislər belə yaralanmaların quşun nəfəs almasına, qidalanmasına və uzun məsafəli uçuş qabiliyyətinə təhlükə yarada biləcəyini bildirirlər.