Son xəbərlər

Ekspert: “Rusiya-Ukrayna müharibəsi NATO-Rusiya qarşıdurmasına çevrilir”

Dr. Hüsamettin İnaç: “Putin təkcə Ukraynanı deyil, bütün Avropanın təhlükəsizlik xəritəsini dəyişmək istəyir”

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda tərəflər arasında sülh danışıqları və mümkün razılaşma perspektivləri yenidən gündəmə gəlib. Lakin münaqişənin həlli istiqamətində irəli sürülən tələblər və tərəflərin fərqli mövqeləri prosesin mürəkkəbliyini artırır. Xüsusilə təhlükəsizlik təminatları, ərazi məsələləri və NATO-nun regiondakı mövcudluğu ilə bağlı fikir ayrılıqları müharibənin gələcək inkişafı ilə bağlı müxtəlif suallar yaradır. Maraqlısı budur ki, bu hadisələr fonunda Şimali Atlantika Alyansının baş katibi Mark Rütte bildirib ki, NATO 1997-ci il sərhədlərinə qayıtmaq niyyətində deyil.

Beynəlxalq siyasət üzrə ekspert Dr. Hüsamettin İnaç Sherg.az-a son dövrdə Rusiya-Ukrayna müharibəsində müəyyən həll yollarının axtarılması fonunda Moskvanın Kiyevə qarşı maksimalist tələblərlə çıxış etdiyini deyib:

"Rusiyanın tələbləri yalnız Ukraynanın Donbas, Zaporojye və Xerson vilayətlərini ələ keçirməklə məhdudlaşmır. Moskva bütün Avropanın təhlükəsizlik və müdafiə arxitekturasını yenidən formalaşdırmağı və xəritəsini dəyişməyi hədəfləyir. Bu kontekstdən yanaşdıqda, Putinin əsas tələbinin Qorbaçova verilmiş və Qlasnost (aşkarlıq) və Perestroyka (yenidənqurma) siyasətləri ilə əlaqələndirilən vədin yerinə yetirilməsi olduğu görünür. Yəni NATO-nun şərqə doğru beş dəfə genişlənməsinin müəyyən şəkildə dayandırılması və alyansın əvvəlki mövqelərinə geri çəkilməsi nəzərdə tutulur. Putin xüsusilə Finlandiyanın mümkün qədər tez NATO-dan çıxmasını istəyir. Digər tərəfdən, Macarıstan, Polşa, Çexiya, Estoniya, Latviya və Litva kimi Baltikyanı dövlətlərin, eləcə də sonradan NATO-ya üzv olan Rumıniya və Bolqarıstanın hərbi və nüvə potensialının müəyyən mənada geri çəkilməsini tələb edir. Eyni zamanda, bu ölkələrin bir növ NATO-nun hərbi təsir dairəsindən çıxarılmasını istəyir. Lakin Şimali Atlantika Alyansının Baş Qərargahı bu yanaşmaya qəti şəkildə qarşı olduğunu bəyan edib".

Analitik bütün bunlar nəzərə alındıqda, Rusiya-Ukrayna müharibəsində yaxın zamanda konkret nəticənin əldə olunmayacağını deyib: 

"Tərəflərin mövqeləri arasında ciddi fərqlər mövcuddur. Ukrayna və onu dəstəkləyən NATO ölkələri, eləcə də Qərb müvəqqəti atəşkəs razılaşmasının əldə olunmasını istəyir. Rusiya isə davamlı sülhün təmin edilməsinin vacibliyini irəli sürərək, Ukraynanın şərq və cənub bölgələrində işğal etdiyi ərazilərin tamamilə Rusiyaya verilməsinin rəsmiləşdirilməsini tələb edir. Eyni zamanda, Ukraynanın NATO-ya üzv olmamasını və nüvə silahına sahiblikdən imtina etməsini də şərt kimi irəli sürür. Bu baxımdan, Ukraynanın Rusiyanın tələblərini qəbul etməsi real görünmür. Çünki Kiyev hesab edir ki, davamlı sülhün təmin olunması üçün NATO-nun təhlükəsizlik çətiri altında olması, yəni müvafiq təhlükəsizlik zəmanətlərinin verilməsi vacibdir. Lakin Rusiya xüsusilə Avropa qüvvələrinin təhlükəsizlik məqsədilə Ukrayna ərazisində yerləşdirilməsini müharibə səbəbi kimi qiymətləndirdiyini bəyan edib. Beləliklə, artıq bu mərhələdə müharibənin Rusiya-Ukrayna müharibəsi çərçivəsindən çıxaraq NATO-Rusiya qarşıdurmasına doğru transformasiya olunduğunu söyləmək lazımdır".

Müsahibimiz vurğulayıb ki, daha mürəkkəb və təhlükəli mərhələyə daxil olmaq ehtimalı yüksəkdir: 

"Tərəflərdən biri digərini məğlubiyyətə uğradana qədər genişmiqyaslı cəbhə müharibəsinin davam etməsi ehtimalının artdığını da qeyd etmək lazımdır".