Prezident Ermənistana xəbərdarlıq etdi

"Kimsə revanş haqqında düşünürsə, bilsinlər, heç kim bizi dayandıra bilməz"


 “Hadrutda hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir”. Bunu Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib. Dövlət başçısı çıxışında hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli istiqamətində görülən tədbirlərdən danışaraq deyib: 

“Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”. Prezident bildirib ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi: “Strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi”. 

“Şuşa əməliyyatı artıq bir dastana çevrilib”

Dövlət başçısı bildirib ki, Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib: “Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər”.  

“Ərazi bütövlüyümüzə hər hansı təhdid yaradıla bilməz”

Prezident vurğulayıb ki, Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq: “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”.

“Hadrutdakı hərbi hissədə komando qüvvələri yerləşir”

Ölkə rəhbəri qeyd edib ki, Hadrutdakı bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir: “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bax bu briqadalarda xidmət edəcək. Bu, bizim ordu gücümüzü böyük dərəcədə artıracaq”. Prezident qeyd edib ki, belə briqadalar çox olacaq və beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.

“Bu günə qədər 2200-dən çox hərbçi mənzillə təmin olunub”

“Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Ermənistanda kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz. Heç nəyə baxmadan lazımi addımları atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir”.