Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) ilə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Palatanın sədri Nüsrət İbrahimov və Mərkəzin rəhbəri Samir Mahmudov imzalayıblar.
Müqaviləyə əsasən, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa Palata tərəfindən hazırlanmış dəyişikliklər təşəbbüsü hüquqi ekspertizadan keçirilərək qanunvericiliyin tələblərinə uyğun şəkildə sistemləşdiriləcək və normativ-hüquqi sənəd kimi formalaşdırılacaq.
Qeyd edək ki, mövcud qanun layihəsinə əsasən, Azərbaycan Qiymətləndiricilər Palatası qiymətləndirmə fəaliyyəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış etmək hüququna malikdir. Palata ölkədə qiymətləndirmə sektorunun tənzimlənməsini həyata keçirən institusional qurum kimi fəaliyyət göstərir. Azərbaycan Qiymətləndiricilər Palatası “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2024-cü il 30 noyabr tarixində təsis edilib və ölkədə qiymətləndirmə fəaliyyətinin institusional tənzimlənməsini həyata keçirən səlahiyyətli qurumdur.
Palata qiymətləndirmə fəaliyyəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, qiymətləndirmə metodologiyası və yanaşmalarının müəyyən edilməsi, qiymətləndiricilərin etik davranış qaydalarının təsdiqi və bu qaydalara riayət olunmasına nəzarətin həyata keçirilməsi kimi mühüm səlahiyyətlərə malikdir. Eyni zamanda qurum qiymətləndiricilərin üzvlüyə qəbul edilməsi və fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətini də həyata keçirir.
Qanunvericiliyə əsasən, yalnız Palatanın üzvü olan şəxslər Azərbaycan ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. Hazırda Palatanın reyestrindən keçmiş 200-ə yaxın qiymətləndirici ölkə üzrə 127 qiymətləndirici təşkilatın nəzdində peşə fəaliyyətini davam etdirir.
Yeni əməkdaşlığın qiymətləndirmə fəaliyyəti sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və sektorun institusional inkişafına töhfə verəcəyi gözlənilir.