Risklər qaçılmazdır

Xoşagəlməz, qüsurlu bir vəziyyət yaranıb

100 minlərlə vətəndaş sayğacların sıfırlanmasında özü iştirak edəcək

"Azəriqaz" əvvəlki illərdən fərqli olaraq sayğacların sıfırlanmasına vətəndaşları da cəlb edib. Yəni güzəştli qaz həcmindən istifadə etmək üçün mexaniki sayğac istifadəçiləri gərək özləri məlumatı quruma ötürsünlər”. Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert bildirib ki, smart-kart tipli sayğaclarda gecə saat 00:00-dan etibarən limit özü avtomatik sıfırlanır: “Qurum sayğacların sıfırlanmasına vətəndaşların cəlbini işçi heyətinin bu prosesi fiziki olaraq çatdırmaması ilə izah edib. 

Maraqlı məqamdır. Yəni dövlət xidmətinin əldə edilməsi prosesində vətəndaşın özü iştirak edir. İştirakın mahiyyəti də sayğacda olan informasiyanı "Azəriqaz"a “WhatsApp”la göndərməkdən ibarətdir. Burada söhbət 5-10 nəfərdən deyil, yüz minlərlə vətəndaşdan gedir. Təsəvvür edin, yüz minlərlə sayğac məlumatı “messencer”dən "Azəriqaz" kompüterlərinə kustar qaydada daxil edilir. Bunun əsasında qərarlar qəbul olunur. Burada xeyli risklərin yaranacağı da şəksizdir. "Azəriqaz" indiyədək 100 mindən çox vətəndaşın sayğac fotosunun “WhatsApp” əməliyyatında iştirak etdiyini bildirib. 

Maraqlı məqam odur ki, on minlərlə smart sayğac istifadəçiləri də bilməyərəkdən, yaxud ehtiyatlanaraq bu prosesdə iştirak edib. Düşünürəm ki, bu vəziyyət Azərbaycanın indiki rəqəmsal inkişafı baxımından olduqca xoşagəlməz, qüsurlu bir vəziyyətdir. Təəssüf ki, "Azəriqaz" ötən illərdə kütləvi olaraq, elə də zərurət olmadan on minlərlə smart sayğacları mexanikliyə çevirəndən sonra qərarların effektiv qəbulu üçün də zamanında ağlabatan mexanizmlər hazırlaya bilməyib. Yeganə üstünlüyü ucuz olması olan mexaniki sayğaclara kütləvi keçidin problem yaradacağı öncədən hesablanmalı idi”. 

O.Gündüz qeyd edib ki, qurum mexaniki sayğacların mərkəzlə və ya nəzarətçi ilə rəqəmsal əlaqəsini təmin edən əlavə elektron qurğuların quraşdırılacağını bildirsə də görünür ki, bunu vaxtında reallaşdıra bilməyib:

 “Son zamanlar vətəndaşlarla informasiya münasibətlərini daha effektiv mexanizmlər üzərindən, şəffaf formada həyata keçirən "Azəriqaz" görünür ki, mexaniki sayğacların istismarı üçün normal mexnizmləri hələlik qurmayıb. Yeri gəlmişkən, həm “Asan Kommunal” sahəsində və həm də “eGov” sahəsində səlahiyyətli qurum olan ASAN üçün bu vəziyyət düşündürücü olmalıdır. Maraqlıdır, vətəndaşların kütləvi olaraq “WhatsApp” mesajları göndərilməsi ilə bağlı "Azəriqaz"ın tələbini müşahidə edərkən sektorda rəqəmsallaşmaya cavabdeh olan qurumların məsul şəxsləri görəsən hansı hissləri keçirirlər?”.