Sandunun əlinə bir də belə fürsət düşməyəcək
Moldova prezidenti Rusiya-Ukrayna gərginliyindən istifadə edərək Dnestryanıya hərbi müdaxilə etmək üçün Qərb və ABŞ-la danışıqlar aparır
Rusiya və Ukrayna arasındakı gərginlik Moldovada da yaxından izlənilir. Moldova Prezidenti Maya Sandu ötən gün Rusiya-Ukrayna gərginliyi ilə bağlı mətbuata açıqlama verərkən “vəziyyət çox ciddidir, prosesə təsir gücündə olan siyasi qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm ki, bu yolu tapmaq olacaq və vəziyyət daha da pisləşməyəcək” deyib. Siyasi şərhçilərə görə, xanım prezident hər nə qədər mövcud vəziyyətdən narahat görünsə də, Rusiyanın Ukrayna məsələsinə fokuslanması Kişinyov üçün əvəzedilməz fürsətdir.
Çünki Ukrayna kimi Moldova da Kremlin “mətbəx məhsulu” olan Dnestryanı münaqişə ilə mübarizə aparır. Moldovanın eks-prezidenti, Rusiyaya meyilli olması ilə xatırlanan İqor Dodonun hakimiyyətdən getməsi və yerinə qərbyönlü Maya Sandunun gəlməsi Dnestryanıda gərginliyin artması ilə müşahidə edilib. Sandu Kremlin Dnestryanı üzərindən Kişinyova təziq edəcəyini bildiyi üçün hakimiyyətə gələr-gəlməz Rusiyadan qoşunlarını bu ərazidən çıxarmasını tələb etdi. Prinsip etibarilə Sandu bu gün də bu tələbində israrlıdır, lakin Dnestryanıya hərbi müdaxilə edərək Kremllə üz-üzə gəlmək istəmir.
Politoloq Turan Rzayev “Şərq”ə açıqlamasında deyib ki, Rusiya və Ukrayna gərginliyindən Sandu maksimum dərəcədə istifadə etməyə çalışır. Ekspert xatırladıb ki, bir müddət öncə ABŞ tarixin ən böyük təchizatını Yunanıstandakı Evros bölgəsində həyata keçirdi. Rəsmi Vaşinqtona məxsus min hərbi texnika, 120 yeni hücum helikopteri və 3 min amerikalı hərbçi Yunanıstana yerləşdirildi:
“Bu qüvvənin ehtimal olunan gərginlik halında Ukraynaya yardıma gedəcəyi bəllidir. Bundan başqa, Vaşinqton bu hərbi qüvvənin heç də hamısını Yunanıstana yerləşdirməyəcyini, onların Bolqarıstan, Rumıniya və Moldovaya daşınacağını açıqlamışdı. Yəni rəsmi Kişinyov həm Kremlin başını Ukraynada qatmaq, həm də rəsmi Kiyevə dəstək vermək üçün ölkəsini ABŞ üçün açıq elan edir. Sandunun əsas hədəfi isə Ukrayna-Rusiya gərginliyinin artması fonunda hərbi əməliyyatla Dnestryanı bölgəni separatçılardan təmizləməkdir. Təsadüfi deyil ki, xanım prezident son açıqlamasında “biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu bizə də təsir edəcək və regionda hamı üçün çətin vəziyyət yaranacaq” deyib. Sandu anlayır ki, belə fürsət Moldovanın əlinə bir də düşməyəcək. Buna görə də Rusiya-Ukrayna gərginliyindən istifadə edərək Dnestryanıya hərbi müdaxilə etmək üçün Qərb və ABŞ-la danışıqlar aparır”.