Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığı azalacaq
Yaxın gələcəkdə Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq
Türkiyənin dünyaca ünlü ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib ki, Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığı azaltmağı hədəfləyirlər. Baş direktorun sözlərinə görə, türk SİHA-larının təsirli şəkildə istifadəsi Qarabağ Zəfərinin qazanılmasına böyük töhfə verib. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olunub: “Bu müharibədə bütün dünya bizim qardaşlığımızın şahidi oldu.
Türkiyə müdafiə sənayesinin gücünü gördü. Müdafiə sənayesində yerli məhsulların xarici məhsullara nisbəti 20 il əvvəl yüzdə 20 faiz təşkil edirdisə, bu gün bu nisbət əks göstəricidir. İndi Türk ordusunda yüzdə 80 faiz yerli müdafiə sənayesi məhsullarından istifadə olunur. İki qardaş ölkə arasında əməkdaşlıq hər sahədə davam edir. Müdafiə sənayesi sahəsində də birgə istehsal, inkişaf mövzuları prioritetdir”.
Görgün bildirib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN arasında, xüsusilə elektrooptika və gecəgörmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri həyata keçirilir:
“Son illərdə bələdçi dəstlərlə bağlı bəzi birgə fəaliyyətlərimiz də var. Gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkilinin, birgə məhsulların istehsalının reallaşacağına inanıram. Onu da qeyd etmək istərdim ki, bu sahədə texnologiyanı bilən, sevən, yaradıcı, innovativ universitet məzunlarına, beyin kapitalına ehtiyac var. Buna görə gələn il biz Texnofesti Azərbaycanda təşkil edəcəyik. Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik”.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Şərq”ə bildirib ki, Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Polkovnik qeyd edib ki, Vətən müharibəsi Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş hazırlığını nümayiş etdirməklə yanaşı, həm də onun ixtiyarındakı texnikaların, silah-sursatın, dronların, müşahidə sistemlərinin nə qədər yüksək keyfiyyətə cavab verdiyini göstərdi:
“Müharibə dönəmində Türkiyədən alınan müşahidə və zərbə dronları həqiqətən də qələbənin qazanılmasına böyük töhfə verdi. Azərbaycanlı mütəxəssislər tərəfindən peşəkarcasına idarə edilən bu dronlar düşmənin canlı qüvvəsinin, o cümlədən raket sistemlərinin, artilleriya qurğularının yerinin dəqiq müəyyən olunması və məhv edilməsində mühüm rol oynadı. Onu da qeyd edim ki, Türkiyə istehsalı olan bu dronların məhv etdiyi raketlər həm də Gəncə, Bərdə, Tərtər və s. kimi şəhərləri - mülki insanları atəşə tutur, günahsız insanların qətlinə yol açırdı. Məhz bu dronlar həmin raketlərin məhvinə imkan verdi ki, bununla da yüzlərlə, minlərlə insanın təhlükəsizliyi təmin edildi”.
C.Xəlilov vurğulayıb ki, Vətən müharibəsi Türkiyə istehsalı olan texnikaların müasir standartlara cavab verdiyini, yeni nəsil texnikalar olduğunu sübut etdi:
“Şübhəsiz, real döyüş əməliyyatlarında bu texnikaların, hərbi sistemlərin özünü yüksək səviyyədə doğrultması qardaş Türkiyənin, onun hərbi-sənayesinin uğuru idi. Baş verənlər göstərdi ki, Türkiyə hərbi-sənayesi dünyanın ən qabaqcıl hərbi-sənayeləri ilə uğurla rəqabət aparmağa qadirdir və öz imkanlarını, nüfuz və təsir dairəsini sürətlə genişləndirməkdədir. Bu baxımdan istər ASELSAN, istərsə də Türkiyənin digər hərbi təyinatlı şirkətləri ilə əməkdaşlıq Azərbaycan üçün olduqca önəmlidir. Bu, sadəcə Azərbaycan ordusunun müasir hərbi texnikalarla təmin edilməsi baxımından deyil, həm Azərbaycanın hərbi sənayesinin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. İnanıram ki, yaxın gələcəkdə Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyacaq, bu əməkdaşlıq yeni və müasir hərbi məhsulların istehsalında özünü göstərəcəkdir. Əməkdaşlığın bu şəkildə inkişafı həm Azərbaycanın, həm də qardaş Türkiyənin maraqlarına uyğundur. Bütövlükdə türk dünyasının gücünün artmasına, onun təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”.