“Sirr deyil ki, bir neçə ay bundan öncə İranla Azərbaycan arasındakı münasibətlərdə bəlli gərginlik yaşanıb. Yaxşı xəbər ondan ibarətdir ki, bu gərginlik qısa çəkib. Arada bəlli bir anlaşılmazlıq olub. Həmkarımla görüş zamanı bu anlaşılmazlığın aradan qaldırılması münasibətin inkişafı olub”.
Bu sözləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.
XİN başçısının İranla bağlı çıxışını “Şərq”ə şərh edən politoloq Rusif Məmmədsoy nazirin sözlərinə haqq qazandıraraq bildirib ki, Azərbaycanla İran münasibətlərində gərginlik situativ xarakter daşıyırdı.
“İranla gərginliyimiz həqiqətən də bitdi və diplomatik müstəvidə müəyyən uğurlarımız var. Biz bunu Aşqabad görüşündə xüsusilə izlədik və gördük. İbrahim Rəisi müəyyən mənada prosesdən məmnun olmasa da reallıqla barışmaq məcburiyyətindədir. Burada Türkiyə faktorunu da mütləq qeyd etməliyik. Aşqabad görüşündə müəyyən anlaşmalar imzalandı. Hansı ki, bu anlaşmalardan İran özü də qazanclı çıxacaq. Türkmən qazının İran üzərindən Azərbaycana ötürülməsi, buradan da Avropaya daşınması İranı tranzit ölkə kimi müəyyən maliyyə gəlirini artıracağına inandıra bildi. Bu mənada sanksiyalara məruz qalan İran da proseslərdən narazı qala bilməz.
İran artıq Ermənistanla münasibətlərində müəyyən mənada bununla razılaşmaq istəməsə də, artıq başa düşür ki, regional faktlarla hesablaşmalıdır, reallıqlarla barışmalıdır. Və biz həqiqətən də onu bu reallıqla barışdıra bildik. Hüseyn Əmir Abdullahianın da Bakıya səfəri, Şəhidlər Xiyabanını ziyarəti və s. bu iki ölkə arasındakı münasibətlərin normallaşmasına istiqamətlənmiş addımlardır.
Rusif Məmmədsoy həmçinin qeyd edib ki, hazırda iki ölkə arasında bir çox fikir ayrılıqları var:
“Ancaq istənilən halda regionda məqsədlər, hədəflər dəyişib. İran reallıqla barışıb. Yenə qeyd edirəm, bu məsələdə Türkiyə faktorunu gözardı etmək olmaz. Türkiyə bu məsələdə bizim yanımızda oldu və İrana da izah elədi ki, əgər sən bu əməllərindən əl çəkməsən, artıq qarşında sadəcə Azərbaycanı yox, Türkiyəni də görəcəksən.
T.Ərdoğan açıq şəkildə Afrika səfərindən sonra jurnalistlərə açıqlamasında ilk bu məsələyə toxundu. Və bu da çox vacib idi. İbrahim Rəisi də Aşqabad görüşündə həm cəbhədə baş verən prosesləri, həm də digər problemləri məhz Ruhaninin üzərinə atdı. Bu, əslində səhv addım idi. Çünki bu proseslər İbrahim Rəisinin vaxtında olmuşdu. Yəni bu mənada artıq reallıqla barışıb.
Hesab edirəm ki, bu situativ gərginlik geridə qaldı və Azərbaycan-İran münasibətlərində yeni bir səhifə açılır”.
Sənan İsmayıl