Ötən gün Tərtər rayonunda dəhşətli qətl törədilib. APA TV-nin Qarabağ müxbiri xəbər verir ki, Cəmilli kənd sakini, 27 yaşlı Qurban Nəsibov 1947-ci il təvəllüdlü atası Xanbaba Nəsibovu və 1958-ci il təvəllüdlü anası Nazlı Nəsibovanı qətlə yetirib.
Qurban Nəsibovun atasını küt alətlə, anasını isə boğaraq öldürdüyü bildirilir. Məlumata görə, Qurban Nəsibov ruhi xəstə olub.
APA TV-nin əməkdaşı hadisənin təfərrüatlarını öyrənib. Məlum olub ki, rayonun Cəmilli kənd sakini, 27 yaşlı Qurban Nəsibov ailədə altı uşaqdan biri olub. Onun digər bacı-qardaşları ailə qurub və ata evindən kənarda yaşayıblar. Ailənin iki oğlu evləndikdən sonra Bakıya köçüb. Qurban Nəsibov isə ruhi xəstə olduğundan, valideynləri onun ailə qurmasına icazə verməyib. O, ata-anası ilə birgə yaşayıb.
Tərtər Mərkəzi Rayon Xəstəxanasından da APA TV-yə Qurban Nəsibovun xəstəxanada ruhi xəstə kimi qeydiyyatda olduğunu təsdiqləyiblər. Bildiriblər ki, valideynləri mütəmadi olaraq Qurbanın müalicəsi üçün müraciət ediblər.
Onun ata-anasını öldürməsinin motivi hələlik bəlli deyib. Tərtər rayon Prokurorluğundan bildirilib ki, Qurban Nəsibov cinayəti törətməsinə əsaslı şübhələr olduğundan, şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.