"Ermənistan Qarabağ münaqişəsində tək qalmayacaq”. Bunu erməni KİV-ə müsahibəsində Belarusun Ermənistandakı səfəri İqor Nazaruk bildirib. Səfir deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə tərəfdaşların və dostların əhatəsindədir:
"İrəvanda Rusiya və Belarusun iştirakı ilə keçirilən hərbi təlim Ermənistanın Qarabağ münaqişəsində tək qalmayacağına dair aydın siqnaldır. Sadə danışsaq, bu təlim təcavüzün kollektiv müdafiə ilə qarşılaşacağına dair bütün dünyaya bir mesajdır”.
Belarus səfirinin açıqlamasına münasibət bildirən millət vəkili Sahib Alıyev hesab edir ki, Xarici İşlər Nazirliyi Belarusdan məsələyə aydınlıq gətirməsini tələb etməlidir: "Uzun zaman gömrük orqanlarında çalışmış bu adam ya diplomat kimi naşılığından, ya da özünə və haylara bəlli olan hansısa səbəbdən Qarabağla bağlı həddini aşan fikirlər səsləndirib. Onun deməyindən belə çıxır ki, əgər Qarabağ uğrunda savaş başlasa, ölkəsi işğalçı Ermənistanın yanında yer alacaq. Belarus rəhbərliyi səfirdən soruşmalıdır ki, Qarabağ uğrunda savaş başlasa, həmin ölkə niyə Ermənistanın tərəfində vuruşmalıdır? Nazaruka başa salınmalıdır ki, Prezident Lukaşenkonun Azərbaycana etdiyi minnətdarlığı xatırlasın. Lukaşenko Belarusun müstəqilliyi və suverenliyinin qorunmasında əvəzsiz xidmət göstərən ölkə kimi Ermənistanın yox, Azərbaycanın adını çəkib. Belarusa 200 milyon dollar krediti Azərbaycan verib, Ermənistan yox”.
Politoloq Qabil Hüseynli də səfirin açıqlamasını demaqogiya adlandırıb: "Belarusla Azərbaycan arasında çox yaxşı münasibətlər var. Vaxtı ilə Rusiya Belarusun boğazına çöküb qaza görə olan borcunu tələb edirdi. Həmin vaxt Belarusun borcunu ödəyən Azərbaycan bu ölkəni Kremlin cəngindən qurtardı. Eyni zamanda Azərbaycan və Belarus prezidentləri arasında da dostluq münasibəti var və bu əlaqələr inkişaf edir. Zənnimcə, Belarusun Ermənistana kömək məsələsi Azərbaycana psixoloji təzyiq göstərməsi üçün erməni lobbisi tərəfindən satın alınmış bir şəxsin uydurmasıdır. Çox güman ki, Belarus dövləti məsələyə aydınlıq gətirəcək. Əgər KTMT rəhbəri Bordyujanın özü artıq bu tipli bəyanatlar vermirsə, onda kənar şəxslərin belə açıqlama etməsi yersiz və əhəmiyyətsizdir. Şəxsən mən Belarusun rəhbər şəxslərinin səfir kimi düşündüyünü zənn etmirəm”.
İsmayıl