“Milli Teleradio Şurası qəfil cəsarətli addımlar atır”

Zeynal Məmmədli: “Məgər, milli seriallarımızda vəziyyət şou proqramlardan daha dəhşətli səviyyədə deyil?”



Milli Teleradio Şurası səlahiyyətlərindən yararlanaraq bir sıra şou-verilişlərin yayımına qadağa qoyub. Qərarın ilk uyğulanması isə ANS-dəki "Sən tək deyilsən!” və "Xoşqədəmlə axtarıram səni” verilişlərinə şamil edilib. MTRŞ-nin adıçəkilən verilişlərin efirdən yığışdırılmasına yönəlik qərarı isə müəyyən narazılıqlar doğurub. İlk etiraz da elə ANS rəhbərliyindən gəldi. Kanal rəsmiləri MTRŞ-nin qərarını qərəzli və telekanala qarşı ayrı-seçkilik hesab edir. Təbii olaraq, Şuranın bu gözlənilməz qərarı həmin verilişlərin izləyiciləri tərəfindən də xoş qarşılanmayıb.

Media eksperti Zeynal Məmmədli isə hesab edir ki, Milli Televiziya və Radio Şurası tərəfindən bəzi verilişlərin bağlanması müəyyən qədər doğru addım olsa da, indiki mərhələdə həlli bundan daha vacib olan problemlərlə bağlı qərar versə, daha yaxşı olardı: "Azərbaycan telekanallarında şou-proqramların, əyləncə xarakterli verilişlərin bayağı olması dəfələrlə müzakirə olunub. Amma nəzərə almalıyıq ki, televiziya cəmiyyəti məlumatlandırmaqla yanaşı, insanları əyləndirir. Şou tipli verilişlərdə vasitə məlumatlandırmaq olsa da, əsas hədəf əyləndirmək, stressi azaltmaqdır. Bağlanan verilişlər isə məhz bu tipli idi”.

Z.Məmmədli bu məsələdə MTRŞ-nin haqlı olduğu məqamların çox olduğunu desə də, onun sözlərinə görə, Şura özünün haqlı olmasını da haqlı vasitələrlə deməlidir:

- Milli Televiziya və Radio Şurası özü də bilir ki, toxunduğu problemi həlletmə yolu yanlışdır. Şuranın bu addımı onu üzə çıxardı ki, Azərbaycanda televiziya proqramlaşdırmasında və yaradıcılığın idarə olunmasında müstəqillik yoxdur. Faktiki olaraq, televiziyalar "komanda” ilə işləyir. Bu "komanda”lar isə daxildən və ya xaricdən verilə bilər. Bu dəfə isə MTRŞ tərəfindən verilib. Bir məsələ də var ki, MTRŞ müstəqil qurum deyil və qərarlarını müstəqil vermir. Çünki o, qərarlarını müstəqil versəydi, televiziyaların bundan da böyük problemləri var. MTRŞ-nin televiziyada qayğısını çəkməli olduğu əsas məsələ xəbər televiziyasında plüralizmin olmasıdır. Biz heç bir televiziya kanalında bunun şahidi deyilik. Elə ANS-in özündə vaxtilə çox aktual mövzularda olan tok-şoular, disskusiyalar, debatlar, canlı proqramlar var idi, amma indi niyə yoxdu?

MTRŞ istər siyasi, istər iqtisadi, istər mədəni baxımdan bu problemləri önə çəkməlidir. Bu yolla Şuranın gerçəkdən cəmiyyətin tələblərinə uyğun televiziya verilişlərinə nail olmaq istəyi qeyri-səmimi görünür. Sadaladığım problemlərlə bağlı bir dəfə də olsun səsini çıxarmayan qurum şou tipli verilişlərlə bağlı qəfildən çox cəsarətli addımlar atır. Hansı ki, haqqında söhbət gedən verilişlər televiziyaların ən reytinqli verilişləridir. Hər nə qədər bayağı olsalar da. Bu mənada ən çox tamaşaçı kütləsinə sahib verilişlərin birdən-birə hədəf götürülməsi suallar doğurmaya bilməz.

Bir sıra verilişlərə irad bildirmək olar. Amma bu cür radikal şəkildə yox. MTRŞ tender elan etməklə televiziya kanallarında zövq oxşayan, maarifləndirici verilişlərin yayımlanmasına nail ola bilər. Ən optimal çıxış yolu nümunə, örnək verilişlərin yayımına nail olmaq yolu ilə ziyanlı verilişləri sıradan çıxarmaqdır. Zənnimcə, müsabiqə elan eləmək üçün də MTRŞ-nin kifayət qədər vəsaitləri var. Qadağaların effekt vermədiyinin biz dəfələrlə şahidi olmuşuq. Əksinə, hər rəsmi səviyyədə edilən xəbərdarlıqdan sonra bu sahədə vəziyyət daha da pisləşib. Bunun da səbəbi əvvəldə də qeyd etdiyim kimi, televiziyaların "komanda” ilə işləməsidir. İndiki şərtlər altında televiziyalarımızdan zövq oxşayan verilişlər tələb etmək qaranlıqda qara pişik axtarmaqdır.

Yeri gəlmişkən, televiziyada dövlət büdcəsindən ayrılan, MTRŞ bir vaxtlar payladığı serial vəsaitinin bəsit şoulara xərclənməsindən narahat olmalıdır. Niyə bircə dəfə də olsun bu məsələni müzakirəyə çıxarmırlar? Məgər, milli seriallarımızda vəziyyət şou proqramlardan daha dəhşətli səviyyədə deyil? Niyə ancaq populyar verilişlərin üstünə düşüblər? Təbii ki, populyar olmaq ideal olmaq demək deyil. Onlar özlüyündə ziyanlı ola bilər, amma kütlə o verilişləri istəyir. Həmin verilişləri bağlamaqdansa, onların zövqünü, marağını oxşayacaq verilişlər çəkilməlidir. Kütlə beynindəki suallara cavab ala biləcəyi verilişləri tapmadıqda vaxt öldürmək üçün şou proqramlara, çal-çağırlara baxır. Əslində "Səni axtarıram”ı bir o qədər də ziyanlı veriliş hesab etmirəm. Burada ictimai bir fayda var ki, insanlar itirdikləri yaxınlarına qovuşur. Müəyyən qədər bu verilişdə cəmiyyətin portretini də görürük.

- İndi elə televiziya rəhbərlərinin özləri də daxil olmaqla hər kəsi düşündürən bir sual var. Bağlanan verilişlərin yerini nə ilə dolduracaqlar?

- Bax, elə bu sualın ortaya çıxması televiziyalarda vəziyyətin nə qədər miskin, acınacaqlı olduğunun göstəricisidir. Bu dəqiqə televiziyalar "necə veriliş çəkək ki, hər tərəfə xoş getsin”, deyə düşünürlər. Bazar iqtisadiyyatında televiziyaların özlərinin yox, başqalarının istəkləri ilə hərəkəti absurddur. Normal şərtlər daxilində televiziyalar format hazırlamaq üçün cəmiyyətin marağını və özünün istəklərini nəzərə almalıdır. Fikir verirsinizsə, sosioloji sorğularda yoxdur ki, əhali nə istəyir? Ən pisi də odur ki, cəmiyyət də öz istəyini ifadə eləməkdə acizdir. Deməli, əhali nə istədiyini, televiziyalar da əhalinin nə istədiyini bilmir. Nəticədə isə ortaya üçüncü qüvvə çıxır və onun istədikləri olur.

- "Efir vaxtını necə dolduraq” sualı fonunda televiziyaların 24 saatlıq efir vaxtını azaltması nə dərəcədə realdır?

- Prinsipcə, bu mümkündür. Bu zaman enerjiyə də qənaət olunar. Amma bu, çıxış yolu deyil. Orada kompleks qərar olmalıdır. Problemi "yola vermək”lə yox, köklü şəkildə həllinə nail olmaq lazımdır. Hər şeyin həlli isə sərbəst bazardan keçir. Türkiyə ildə 100 milyonlarla xərc çəkib Cənubi Amerika ölkələrindən seriallar alırdı. İndi özü Yaxın Şərq, Avropa ölkələrindən 100 milyonlar qazanır. Nəyin hesabına? Təbii ki, sərbəst bazarın, rəqabətin hesabına. Azərbaycanda isə bunların heç biri yoxdur.

Şəymən