İsrail razılaşmanı davam etdirmək üçün HƏMAS-dan girovların siyahısını gözləyir

İsrail HƏMAS-dan Qəzza zolağında saxlanılan girovların siyahısını gözləyir.

APA xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik mənbələrinə istinadən “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Mənbə bildirib ki, danışıqlar zamanı müəyyən irəliləyiş əldə olunub, lakin razılıq əldə etmək yolunda ciddi çətinliklər var.

Onun sözlərinə görə, İsrail hələ də HƏMAS-dan saziş çərçivəsində azad etməyi planlaşdırdıqları canlı girovların siyahısını gözləyir.

Mənbə onu da əlavə edib ki, bu siyahı olmadan danışıqlarda irəliləyiş əldə etmək son dərəcə çətin olacaq.

Tərəflərin nümayəndə heyətləri Qətərdə mümkün sazişin detallarını müzakirə etməyə davam edir.

“The Times of Israel”in yazdığına görə İsrail və HƏMAS arasında potensial razılaşmanın birinci mərhələsində Qəzzada saxlanılan uşaqlar, qadın əsgərlər, qocalar və xəstələr müqabilində 250 fələstinli məhbusun İsrail həbsxanalarından azad ediləcəyi gözlənilir.

Bəzi məlumatlara görə, İsrail birinci mərhələdə 34 girovun, o cümlədən HƏMAS-ın əsgər hesab etdiyi 11 nəfərin azad edilməsini tələb edib.