İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sülhün və sabitliyin təminatçısına çevrilib -ANALİZ

"Azərbaycanın müasir tarixi, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi ilə formalaşıb. O, ölkəni beynəlxalq siyasətin mühüm aktoruna çevirərək regionda lider dövlət statusu qazandırıb". 

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Onun sözlərinə görə qlobal lider çatışmazlığı dövründə onun idarəçilik fəlsəfəsi Azərbaycanı beynəlxalq arenada müstəqil və nüfuzlu tərəfdaşa çevirib:

"Dövlət başçımızın əsas prinsipi milli maraqların qorunması və xalqın rifahının təmin edilməsidir. O, hər zaman beynəlxalq güclərin təsirindən uzaq qalaraq, müstəqil siyasət yürüdərək, Azərbaycanın suverenliyini və müstəqilliyini gücləndirib. Beynəlxalq arenada İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan həm regional, həm də qlobal təhlükəsizliyin təminatında mühüm rol oynamağa başlayıb. 2003-cü ildən etibarən həyata keçirilən iqtisadi islahatlar ölkənin inkişafına böyük təkan verib. Yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması, 600 mindən çox yeni iş yerinin açılması və neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində Azərbaycan iqtisadi artım tempinə görə dünyada birinci yerə yüksəlib. Dövlət başçımız qeyri-neft sektorunun inkişafını prioritet elan edərək ölkə iqtisadiyyatını şaxələndirib, sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradıb. Ali Baş Komandanın hərbi sahədə həyata keçirdiyi islahatlar ölkənin müdafiə potensialını gücləndirib. Ordunun müasir texnologiyalarla təmin edilməsi, hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılması nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevirib. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər bunun ən bariz nümunəsidir. Əminliklə demək olar ki, Şuşanın azad edilməsi ilə xalqın milli qüruru bərpa olub, Qarabağda Azərbaycanın ərazi bütövlüyü təmin edilib".

Parlamentari əlavə edib ki, Xarici siyasətdə prezidentimizin uğurlu strategiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib.
"Qoşulmama Hərəkatına sədrlik, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP layihələrinin icrası Azərbaycanın beynəlxalq səviyyədəki əhəmiyyətini göstərən əsas nümunələrdir. Xarici siyasətimiz hər zaman balanslı, müstəqil və çevik olmuş, milli maraqların qorunmasını əsas götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri ölkəmizin gücünü və iradəsini nümayiş etdirir. İnfrastruktur layihələri çərçivəsində yollar, hava limanları, məktəblər və xəstəxanalar inşa edilib. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə məcburi köçkün öz doğma yurdlarına qayıtmış, bölgədə iqtisadi dirçəlişin əsası qoyulub. Bu layihələr yalnız Qarabağın inkişafına deyil, həm də Azərbaycanın ümumi iqtisadi potensialına xidmət edir. Dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan multikulturalizm və sivilizasiyalararası dialoq sahəsində mühüm bir mərkəzə çevrilib. “Bakı Prosesi” təşəbbüsü çərçivəsində keçirilən tədbirlər və beynəlxalq forumlar ölkəmizi qlobal miqyasda mədəniyyətlərarası dialoqun avanqardına çevirib. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan həm də beynəlxalq idman tədbirlərinə ev sahibliyi edərək dünyada tolerantlıq və əməkdaşlıq nümunəsi olub. Pandemiya dövründə onun idarəçilik məharəti bir daha sübut edildi. COVID-19 pandemiyasına qarşı mübarizədə göstərilən çevik reaksiyalar, əhalinin sağlamlığının qorunması və iqtisadi fəallığın saxlanılması üçün atılan addımlar Azərbaycanın bu qlobal çətinliklərdən uğurla çıxmasını təmin edib. Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Azərbaycan regionda sülhün və sabitliyin təminatçısına çevrilib. Ermənistanın 30 illik işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib. Beynəlxalq arenada qazanılan diplomatik nailiyyətlər Azərbaycanın milli maraqlarını qorumağa davam edir. Bütün bu nailiyyətlər dövlət rəhbərimizin uzaqgörən siyasətinin, qətiyyətli addımlarının və xalqa bağlılığının nəticəsidir. Onun liderliyi ilə Azərbaycan öz tarixi ədalətini bərpa edib, regionda sülhün və inkişafın təminatçısı olub. Ali Baş Komandanın rəhbərliyi ilə xalqın rifahı yüksəlib, Azərbaycanın beynəlxalq nüfuzu daha da güclənib".

Qeyd edək ki, Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Evlidir. Üç övladı, beş nəvəsi var.