Elçin Xalidbəyli: “Ermənistan Rusiyadan uzaqlaşmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”
ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı və tanınmış analitik Pol Qobl dünya və bölgədə baş verən qlobal prosesləri şərh edərək, Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistanın gələcəkdəki istiqamətinə dair proqnozlarını Teleqraf İnformasiya Agentliyi ilə paylaşıb.
O bildirib ki, Bakı həm Zəngəzur məsələsində, həm də Türkiyə ilə əlaqələrin genişləndirilməsi istiqamətində daha cəsarətli addımlar atacaq. Analitikin sözlərinə görə, İrəvan Türkiyə və Azərbaycanla razılaşmalar əldə etməyə çalışacaq, Gürcüstan isə çaxnaşma və qeyri-sabitlik vəziyyətində qalmağa davam edəcək.
Politoloq Elçin Xalidbəyli isə “Sherg.az”a açıqlamasında bildirib ki, Qərb analitiklərinin Cənubi Qafqazla bağlı irəli sürdüyü təhlil və proqnozlarda müəyyən həqiqət payı mövcuddur. Ancaq bu regionla bağlı istənilən strateji qiymətləndirmə aparılarkən Rusiya faktoru mütləq nəzərə alınmalıdır. Politoloq qeyd edib ki, Rusiya Ukrayna ilə müharibə fonunda ciddi şəkildə zəifləsə də, Cənubi Qafqazda öz təsir imkanlarını tam itirmiş hesab edilə bilməz:
“Kreml bu bölgədə hələ də müxtəlif siyasi, hərbi və iqtisadi mexanizmlər vasitəsilə proseslərə təsir göstərmək gücünü qoruyur. Eyni zamanda, İran faktorunu da diqqətdən kənarda saxlamaq olmaz. Tehran həm regional təhlükəsizlik, həm də nəqliyyat-kommunikasiya layihələri baxımından Cənubi Qafqazda aktiv maraqlara malikdir.
Bununla belə, əsas geosiyasi qarşıdurmanın Qərb və Rusiya arasında cərəyan edəcəyi istisna deyil. Məhz bu kontekstdə həlledici faktor kimi türk ittifaqının – xüsusilə Azərbaycan və Türkiyənin koordinasiyalı siyasətinin ön plana çıxması müşahidə olunur. Paşinyan hakimiyyəti Ermənistanı tədricən Rusiyanın təsir orbitindən çıxarmağa və Qərbə yaxınlaşdırmağa çalışır. Lakin rəsmi İrəvan hansı istiqamətə yönəlməsindən asılı olmayaraq, faktiki olaraq Azərbaycan–Türkiyə tandemi ilə üz-üzə qalır. Son proseslər göstərir ki, Ermənistan üçün türk ittifaqı artıq alternativ deyil, müəyyən mənada xilasedici amilə çevrilməyə başlayıb.
Ermənistan Rusiyanın təsirindən real şəkildə uzaqlaşmaq istəyirsə, bu prosesi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması olmadan həyata keçirməsi mümkün deyil. Əks halda, İrəvan Rusiyanın siyasi, hərbi və iqtisadi təzyiq mexanizmlərinə tab gətirə bilməz. Ermənistan hazırda Rusiyanın patronajlığı altında olan iki əsas strukturda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Bu isə ölkənin həm təhlükəsizlik, həm də iqtisadi baxımdan Moskvadan ciddi asılılıqda qalmasına səbəb olur.
Məhz bu asılılığı azaltmaq üçün Ermənistan özünün ənənəvi xarici rəqibləri kimi formalaşdırdığı Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, regional əməkdaşlıq mühitinə inteqrasiya etməlidir. Azərbaycan və Türkiyə ilə açıq qarşıdurma mövcud olmadığı təqdirdə, Ermənistanın Rusiyanın təhlükəsizlik çətirinə ehtiyacı da avtomatik olaraq azalacaq. Bu isə KTMT-dən çıxmaq və ya bu təşkilatın təsirindən faktiki şəkildə uzaqlaşmaq üçün münbit şərait yarada bilər”.
E. Xalidbəyli qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından əldə etdiyi iqtisadi dividendlərdən imtina edə biləcək alternativlər formalaşdırmalıdır. Əks halda, Aİİ çərçivəsində qalaraq Qərbə real inteqrasiya mümkün olmayacaq: “Bu baxımdan Ermənistan üçün əsas alternativ platforma türk ittifaqı və regional iqtisadi əməkdaşlıq formatlarıdır. Azərbaycan və Türkiyə ilə sıx iqtisadi-ticarət əlaqələri Ermənistanın həm tranzit imkanlarını genişləndirə, həm də daha müasir və rəqabətqabiliyyətli iqtisadi inkişaf modellərinə çıxışını təmin edə bilər.
Paşinyan hakimiyyəti mövcud olduğu müddətdə bu xəttin prioritet olaraq saxlanılması ehtimalı yüksəkdir. Baş nazir hesab edir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi Ermənistan iqtisadiyyatının inkişaf perspektivlərini artıracaq və ölkənin manevr imkanlarını genişləndirəcək. Ermənistanın Rusiyadan uzaqlaşması təkcə bu ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi taleyini dəyişə bilər. Ermənistan Rusiya üçün regionda əsas dayaq nöqtəsidir. Əgər Moskva bu məkanda mövqelərini zəiflədirsə, bu proses paralel olaraq Gürcüstandakı təsir imkanlarının da itirilməsi ilə nəticələnə bilər. Beləliklə, “Rusiyasız Cənubi Qafqaz” ssenarisinin yaxın perspektivdə reallaşma ehtimalı xeyli arta bilər.
Azərbaycan isə artıq Rusiya üçün faktiki olaraq əlçatmaz dövlətlər sırasına daxil olub. Bakı müstəqil, balanslı və milli maraqlara söykənən xarici siyasət yürüdərək regionda yeni güc balansının formalaşmasında əsas aktorlardan birinə çevrilib. Bu reallıq fonunda Cənubi Qafqazda gələcək proseslərin məhz regional əməkdaşlıq və türk ittifaqı xətti üzrə inkişaf etməsi daha real görünür”.