İran ABŞ-nin gecə həyata keçirdiyi hücumu atəşkəsin pozulması adlandırıb

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ötən gecə Sirik bölgəsi və Qeşm adasına hücumunu pisləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, Nazirliyin bəyanatında bu addımın 8 aprel tarixli atəşkəsin açıq şəkildə pozulması olduğu bildirilib.

Qeyd olunub ki, İran İslam Respublikasının silahlı qüvvələri özünümüdafiə hüququ çərçivəsində bu təcavüzkar addıma mütənasib və təsirli cavab verib və hücumun arxasındakı məqsədlərin həyata keçməsinə imkan verməyib.

Bəyanatda, həmçinin qeyd olunub ki, ABŞ-nin atəşkəsi təkrar pozması bu ölkənin nə gərginliyi azaltmaq, nə də sabitliyə qayıtmaq niyyətində olduğunu göstərir. Bildirilib ki, Vaşinqtonun macərapərəst addımları regionun təhlükəsizliyini ciddi risk altına qoyur və bu qanunsuz hərəkətlərin, eləcə də mümkün gərginləşmənin bütün nəticələrinə görə məsuliyyət ABŞ hökumətinin üzərində olacaq.

İran Xarici İşlər Nazirliyi "region ölkələrini mehriban qonşuluq prinsipinə riayət etməyə və təcavüzkar tərəflərin İran əleyhinə hücumlar üçün onların ərazisi və imkanlarından istifadə etməsinə yol verməməyə" çağırıb.

Nazirlik sonda BMT Baş katibi, Təhlükəsizlik Şurası və digər aidiyyəti beynəlxalq qurumlardan ABŞ-nin atəşkəsi pozması və qeyri-qanuni addımlarına dərhal və effektiv reaksiya vermələrini istəyib.