Rusiyanın İtaliyadakı səfirliyi Ukraynanın Liviyanın dəniz sularında Rusiya gəmisinə hücumu fonunda rəsmi Romaya çağırış edib.
Teleqraf xəbər verir ki, səfirliyin Telegram kanalında yayımlanan açıqlamasında deyilir: "Rusiya beynəlxalq ictimaiyyəti dəfələrlə Kiyev rejimi ilə duyğusal bağlar qurmağın son dərəcə təhlükəli olduğu barədə xəbərdar edib. Kiyev rejimi suda boğulmamaq üçün mümkün qədər çox ölkəni Rusiya ilə müharibəyə cəlb etməyi düşünür. Rəsmi Roma xarici siyasətində ukraynayönümlü vektoru dominant halına gətirib və Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatlar zonasını genişləndirmək üçün sərhəd dövlətlərinin ərazisindən istifadə etməsi İtaliya hakimiyyəti üçün bir epifaniya anı olmalıdır".
Səfirlik bəyan edib ki, Kiyevin Aralıq dənizi regionunda təhlükəli addım atması ilə bağlı parlament və hökumət dairələrində, eləcə də cəmiyyətdə narahatlıqlarını bölüşüblər: "Sabah Ukrayna nümayəndələri İtaliya ərazisindən və dəniz məkanından başqa bir terror hücumu üçün istifadə etməyi düşünsələr, təəccüblənmərik".
Xatırladaq ki, noyabrın 22-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus dronlar Liviyanın Benqazi limanı yaxınlığında Rusiya gəmilərinə hücum edib.
Zelenski "Merkuri" korvetinin vurulduğunu təsdiqləyib və Rusiya Qara dəniz donanmasının ən yeni gəmilərindən birinin məhv edilməsinin videosunu yayımlayıb. Bu gəminin göyərtəsində Ka-27 çoxməqsədli helikopteri də olub.
SBU-nun məlumatına görə, əməliyyat yeddi dəniz dronu vasitəsilə həyata keçirilib.
Korvetdən əlavə, hərbi yük daşımaq üçün istifadə edilən Rusiyanın MV ANGARA quru yük gəmisi də hücuma məruz qalıb. Hücumdan sonra mediada bu əməliyyatın hazırlanmasında üçüncü ölkələrin iştirakı ilə bağlı məlumatlar yayılıb.