ABŞ-ın Ayova Universitetində aparılan araşdırma göstərib ki, cəmi 20 dəqiqəlik yüngül və orta intensivlikli velosiped məşqi beyində yaddaş və öyrənmə ilə əlaqəli elektrik aktivliyini artırır.
Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Professor Mişel Vossun rəhbərlik etdiyi tədqiqat qrupu məşqdən əvvəl və sonra insan beynində baş verən dəyişiklikləri birbaşa qeydə alıb. Araşdırmada dərman müalicəsinə davamlı epilepsiya səbəbindən əməliyyata hazırlanan, 17-50 yaş arası 14 nəfər iştirak edib. Onların beyninə klinik müşahidə məqsədilə yerləşdirilmiş elektrodlar alimlərə neyron aktivliyini yüksək dəqiqliklə izləmək imkanı verib.
İştirakçılar əvvəlcə 20 dəqiqə dincəlib, daha sonra təxminən 20 dəqiqə sabit velosiped trenajorunda məşq ediblər. Məşq yüngül və orta intensivlikdə olub.
Nəticədə beynin yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan hipokampusunda yüksək tezlikli elektrik siqnallarının artdığı müəyyən edilib. Bu aktivliyin məlumatların emalı və xatırlanması ilə əlaqəli digər beyin bölgələrinə də yayıldığı müşahidə olunub.
Tədqiqatın müəllifləri bildiriblər ki, əldə edilən nəticələr sağlam yetkinlər üzərində aparılmış əvvəlki beyin görüntüləmə araşdırmaları ilə də uyğunluq təşkil edir.
Bununla belə, alimlər müşahidə olunan dəyişikliklərin yaddaş və idrak qabiliyyətlərini hansı səviyyədə yaxşılaşdırdığını müəyyən etmək üçün daha geniş tədqiqatlara ehtiyac olduğunu vurğulayıblar.